Ordumuz Novruzu belə qarşıladı - Video

    ÖLKƏ

    21 Mart 2024 | 13:14

    Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi tədbirlər planına əsasən, Azərbaycan Ordusunun qoşun növləri, Əlahiddə Ümumqoşun Ordu, hərbi birlik və birləşmə, eləcə də xüsusi təyinatlı təhsil müəssisələrində Novruz bayramı ilə əlaqədar silsilə tədbirlər keçirilib.

    Pressa xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, tədbirlərdə ümummilli lider Heydər Əliyevin və Azərbaycanın azadlığı, suverenliyi, ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalan Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Hərbi orkestrlərin müşayiəti ilə Azərbaycan Respublikasının Dövlət Himni ifa olunub.

    Bayram tədbirlərində çıxış edənlər yazın gəlişinin ölkəmizdə sevinc, coşqu və təntənə ilə qeyd edilməsindən, Novruz ənənələrinin tarixindən, milli-mənəvi dəyərlərimizdən biri olan Novruz bayramının xalqımız və dövlətimiz tərəfindən yüksək qiymətləndirilməsindən söhbət açıblar.

    Qeyd olunub ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin Xankəndi şəhərində “Zəfər meydanı”ndan Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik etməsi bütün xalqımız kimi, Azərbaycan Ordusunun şəxsi heyətinin də böyük ruh yüksəkliyinə səbəb olub.

    İşğaldan azad edilmiş, eləcə də digər ərazilərdə dislokasiya olunmuş hərbi hissələrdə milli-mənəvi dəyərlərimizin təbliği, şəxsi heyətin döyüş ruhunun və vətənpərvərlik hissinin daha da artırılması məqsədilə keçirilən tədbirlərdə dövlət başçısının və müdafiə nazirinin təbrikləri şəxsi heyətə çatdırılıb.

    Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin, Gəncə Qarnizonu İdeoloji və Mədəniyyət Mərkəzinin yaradıcı kollektivlərinin iştirakı ilə konsert proqramları təqdim olunub.

    Qeyd edək ki, Azərbaycan Ordusunun hərbi hissələrdə bayram tədbirləri hərbi qulluqçularımızın sağlamlığına xüsusi diqqət yetirilməsi, şəxsi heyətin respirator virus infeksiyalara yoluxma hallarının qarşısını alınması məqsədilə qapalı şəraitdə keçirilib.

    Tədbirlər çərçivəsində, həmçinin şəxsi heyət tərəfindən şəhidlərimizin məzarları ziyarət olunub, hərbi qulluqçular şəhid ailələrinə baş çəkərək onların qayğı və istəkləri ilə maraqlanıb, bayram sovqatları təqdim ediblər.

    Görüşlərdə dövlətimiz tərəfindən şəhidlərimizin xatirəsinin hər zaman uca tutulduğu, onların ailə və yaxınlarının yüksək diqqət və qayğı ilə əhatə olunduğu xüsusi qeyd olunub.



    XƏBƏR LENTİ

    26 Aprel 2024
    25 Aprel 2024
    24 Aprel 2024
    23 Aprel 2024
    22 Aprel 2024