Rəsmi Bakı və rəsmi Moskva arasındakı münasibətlərin inkişafında Ümummilli lider Heydər Əliyevin siyasi uzaqgörənliyi xüsusilə qeyd edilməlidir

    SON XƏBƏRLƏR, SİYASƏT

    25 Aprel 2024 | 09:13

    Qürurvericidir ki, Qalib ölkəmiz ümumbəşəri dəyərlərə sadiq olaraq bütün dünya xalqları, o cümlədən də şimal qonşumuz Rusiya Federasiyası ilə dostluq, sülh və əminamanlıq şəraitində yaşamaq və bu məqsədlə qarşılıqlı fəaliyyət göstərməyi əsas prioritet istiqamətlərdən biri kimi müəyyən edib. Qeyd edək ki, otuz ildir ki, rəsmi Bakı və Moskva arasında münasibətlər beynəlxalq hüquq normalarında nəzərdə tutulan prinsiplər əsasında qurulmuş və uğurla inkişaf etmişdir. Bu inkişafda Ümummilli lider Heydər Əliyevin  siyasi uzaqgörənliyi xüsusilə qeyd edilməlidir.

    Ulu Öndərin Azərbaycanda siyasi hakimiyyətə qayıdışından sonra ölkələrimiz arasında münasibətlərin ən yüksək səviyyədə inkişaf etdirilməsinə başlanılıb. Belə ki, dövlət başçılarının qarşılıqlı səfərləri, imzalanan sənədlər münasibətləri daha da yaxşılaşdırıb. Əminliklə deyə bilərik ki, Azərbaycan və Rusiya  dövlət başçılarının siyasi iradəsinə uyğun olaraq, hazırda iki ölkə arasında münasibətlərin səviyyəsi tarixin ən yüksək nöqtəsindədir. Bu günlərdə  Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin dəvəti ilə Moskvaya işgüzar səfəri isə iki ölkə arasındakı münasibətlər üçün yeni mərhələ deməkdir. Səfər çərçivəsində cənab İlham Əliyevin Vladimir Putinlə təkbətək, həmçinin Baykal-Amur Magistralının 50 illik yubileyi münasibətilə dəmir yolu sahəsinin veteranları və işçiləri ilə birgə görüşü böyük maraq doğurmaqla bərabər xüsusi əhəmiyyət kəsb edirdi. Səfər zamanı keçirilən görüşlərdə bir məqam qeyd edildi ki, tarixin müxtəlif məqamları ölkələrimizi, xalqlarımızı daha da yaxınlaşdırır, münasibətlərimizin gələcəkdə də ardıcıl inkişafına töhfə verir.

    Qeyd edək ki, 2022-ci ilin fevralında Kremldə imzalanmış və iki ölkə arasında əsas siyasi sənəd olan, müttəfiqlik və qarşılıqlı fəaliyyət haqqında Bəyannamə gələcəkdə münasibətlərimizin ardıcıl inkişafını müəyyən edəcəkdir. Müzəffər Ali Baş Komandan Prezident Putinlə təkbətək görüşü zamanı Rusiyanın yerləşdiyimiz regiondakı mövqeyinə xüsusi diqqət çəkdi: “Rusiya Qafqazda və daha geniş coğrafiyada regional təhlükəsizlik üzrə əsas ölkədir və bizim əməkdaşlıq və qarşılıqlı fəaliyyətdən çox şey asılıdır”. 22 fevral tarixli Bəyannaməyə diqqət etsək, əminliklə deyə bilərik ki, rəsmi Bakı və rəsmi Moskva əlaqələri bərabərhüquqlu tərəfdaşlıq, qarşılıqlı hörmət və etimada əsaslanır. Bu gün ən çox səslənən fikirlərdən biri də böyük dövlətlərlə münasibətlərdə qızıl ortanı tapmaq məsələsidir. Sevindirici həm də qürurvericidir ki, Ölkə başçısı cənab İlham Əliyev qeyd edilən zirvəni fəth edən dünyanın nadir liderlərindəndir. Müzəffər Ali Baş Komandanın ən çətin və təhlükəli məqamlarda ölkənin ərazi bütövlüyü və suverenliyini təmin etməklə bərabər Rusiya kimi bölgədə ciddi maraqları olan bir supergüclə ortaq dil tapa bildi.

    Tarixin bütün dövrlərində məhz Rusiyanın forpostu olan Ermənistanı cəmi 44 günə darmadağın edən Azərbaycan bir il bundan əvvəl, 23 apreldə elə Rusiya hərbi kontingentinin gözü önündə Laçın sərhəd-buraxılış məntəqəsini qurdu. Ötən həftə isə cənab İlham Əliyevin daha bir iradəsi ilə Rusiya sülhməramlılarının ölkədən işğaldan azad edilmiş ərazilərdən çıxarılması tarixin ən möhtəşəm səhifələridir. Bütün qeyd etdiklərim bir daha sübut edir ki,  ölkə maraqlarını, milli maraqlarını əsas götürərək, beynəlxalq hüquqa hörmət və qarşlıqlı etimad mühitində inkişaf etmək və yeni reallıqlar yaratmaq mümkündür.


               Xavər Abdullazadə;

               Neftçala rayon gənci




    XƏBƏR LENTİ

    03 May 2024
    02 May 2024
    01 May 2024
    30 Aprel 2024
    29 Aprel 2024
    27 Aprel 2024
    26 Aprel 2024