Xeyirxah, enerjili və qədirbilən insan...

    ÖLKƏ

    24 Aprel 2024 | 19:35

    Ötən hər gün, hər saat təkcə vaxt ölçüsü deyil, ömürdən-gündən keçən anlardır. Bu anların qədrini bilmək, bu anları dopdolu yaşamaq, vətənin əsl vətəndaşı olmaq asan deyilmiş. 

    Elə insanlar var ki, onların həyatı, fəaliyyəti elinə, xalqına, vətəninə xidmətə həsr olunur. Müdriklər demişkən, "xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür". Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Vətən üçün yaşanan ömür əsl insan ömrüdür. İnsan öz əqidəsini elan kimi divardan asmamalıdır. O vətəni, dövləti, xalqı uğrunda tər tökən əqidə adamıdır.

    İnsan ömrü bir yola bənzəyir. Bütün dövrlərdə müdrik insanlar olub. Müdrik insanlara ən çətin dəqiqələrdə müraciət etmək olar. Onlarla dünya daha parlaq, daha maraqlı olur. O, danışanda problemlər sanki öz-özünə əriyərək yoxa çıxır. Belə insanları tanımaq, gənc nəsilə tanıtmaq hər birimizin ümdə vəzifəsidir. Belə böyük şəxsiyyətlərin işığı gənc nəslin həyat yoluna düzgün istiqamət verər.

    Aran Regional Elektrik Şəbəkəsinin rəis müavini, Yeni Azərbaycan Partiyasının "Energetik1" ərazi ilk partiya təşkilatının sədri Saleh Səmədov... Üç sözlə ifadə etsək: xeyirxah, enerjili və qədirbilən… Bütün sahələrdə qeyri adi idarəçilik fəaliyyətinə malik bir insan olduğunu sübut edib.

    Ən əsası odur ki, Saleh müəllim gözəl insandır. Hamının dərdinə şərik olan, halına yanan bir insan.  Bu çətin dünyamızda, mənəviyyatın aşındığı, əxlaqi dəyərlərin alt – üst olduğu, insanlığın çat verdiyi bir zamanın və mühitin içində Sizin kimi insanın varlığını hiss etmək, sözün həqiqi mənasında insana təsəlli olur. Şərəfini, ləyaqətini, ailə dəyərlərini beş paraya dəyişənlərin nəfəs aldığı bir toplumun içində Sizin kimi öz təmiz dünyasına çəkilib, özünün, sözünün, ruhunun, adının, ailəsinin paklığını – Tanrı əmanəti kimi qoruyan şəxsin varlığını bilmək adama təsəlli olur.

    Saleh müəllimin işinə yaradıcı münasibəti, parlaq lider keyfiyyətləri, öz vəzifəsinə sadiqliyi, mürəkkəb məsələlərin həllinə yüksək peşəkarlıqla yanaşması daima inkişafa yönəlmiş fədakar əməyin təcəssümüdür.

    Saleh müəllim, bu günlərdə İmişli rayon Ağsaqallar Şurasının sədri seçilib. 

    Ağsaqqal adının şərəfini daşımaq məsuliyyətlidir. Azərbaycanda ağsaqqal sözünə ehtiramla və diqqətlə yanaşılmasının çox qədim və zəngin ənənələri var. Çünki xalqımızın mənəvi dünyasında, milli mentalitetində ağsaqqal sözü, ağsaqqal xeyir-duası həmişə ali həyat məramı olub. Ağsaqqallar həm də xalqımızın adət və ənənələrinin qoruyucusu və gənc nəslə ötürücüləridir. Azərbaycan xalqının milli mental dəyərlərindən irəli gələrək tarix boyu ağsaqqallar cəmiyyətdə yüksək hörmət və nüfuz sahibi olublar. Ağsaqqal saçının ağlığı ilə deyil, cəmiyyətdəki nüfuzu, mövqeyi və digər üstünlükləri ilə bu adın yükünü daşımağa haqqı olan insandır.

    Cəmiyyətin bir insanı ağsaqqal kimi qəbul etməsi, onun böyüklüyünü etiraf etməsi və bu zirvəyə çatması üçün əsl insan ömrü yaşamaq, böyük ürəyə sahib olmaq lazımdır. Bu gün də gənclərin dövlətə, xalqa sadiq, Vətənə bağlı, zərərli yad təsirlərdən uzaq və sağlam əsaslar üzərində tərbiyə olunması işində daim Saleh müəllim kimi ağsaqqallara böyük ehtiyacı vardır.

    Atalar yaxşı deyib: "Keçmişə güllə atsaq, gələcək bizi topa tutar".  Doğrudan da keçmişi unutmaq, həyatımızda ağıllı məsləhətləri ilə iz buraxan, qayğıkeş, mərhəmətli insanlara biganə qalmaq olmaz, əksinə, onlar haqqında cavanlara məlumat vermək borcumuzdur. Müasir gənclər ata-babalarının cəmiyyətdə mövqeyindən, iş təcrübələrindən məlumatlı olmalıdır. Soykökə bağlılıq inkişaf üçün meyardır. 

    Saleh müəllim də, məhz belə insanlardandır. 

    Hörmətli Saleh müəllim!

    Sizi İmişli rayon Ağsaqallar Şurasının sədri seçilməyiniz münasibəti ilə təbrik edir, bu müqəddəs missiyanı xalqımızın adına layiq şəkildə həyata keçirilməsində, Azərbaycan cəmiyyətinin mənəvi saflığının qorunub saxlanılmasında, milli dəyərlərimizin gələcək nəsillərə ötürülməsi işində uğurlar arzulayırıq!



    XƏBƏR LENTİ

    04 May 2024
    03 May 2024
    02 May 2024
    01 May 2024
    30 Aprel 2024
    29 Aprel 2024
    27 Aprel 2024
    26 Aprel 2024