Qırğızıstan işğaldan azad edilmiş ərazilərin bərpasında yaxından iştirak etməkdə maraqlıdır

    SON XƏBƏRLƏR, ÖLKƏ

    27 Aprel 2024 | 11:14

    Azərbaycan və  Qırğız xalqlarının eyni dil, din və mədəniyyətə sahib olmaları hər iki dövlətin mövcud əlaqələrinin daha möhkəm bağlar üzərindən qurulmasına böyük təkan verir.

    Bu gün Azərbaycan dünyanın bir çox dövlətləri ilə, istər mədəni, istər iqtisadi, istərsə də siyasi sahədə yeni əlaqələrin qurulması və mövcud olan münasibətlərin daha geniş və dərin formatda inkişaf etdirilməsində maraqlıdır. Belə ölkələrdən biri də Qırğızıstan Respublikasıdır. Azərbaycan və Qırğızıstan arasında mövcud olan diplomatik əlaqələrin tarixi 30 ildən çoxdur. Sovetlər birliyi dağıldıqdan sonra ittifaq zamanı mövcud olan əlaqələrimiz qrılmamış, əksinə daha da inkişaf etmişdir. Əlbəttə mövcud  münasibətlərin bu cür  inkişaf etməsi hər iki  dövlətin xalqlarının eyni din, eyni dil və etnik soya sahib olmalarından irəli gəlir.

    Mövcud əməkdaşlığın uğurlu nəticəsidir ki,  bu gün paytaxtımız Bakı şəhərində böyük qırğız yazıçı Çingiz Aytmatovun heykəli qoyulmuş, Qırğızıstanın paytaxtı Bişkek şəhərində Qırğızıstan-Azərbaycan Dostluq parkı salınmışdır. 24 aprel 2024-cü il tarixində Qırğızıstan Respublikasının Prezidenti Sadir Japarovun ölkəmizə səfəri və səfər zamanı mühüm tərəfdaşlıq sənədlərinin imzalanması mövcud əlaqələrin daha da dərinləşməsinə mühüm təkan verəcəkdir. Qeyd edək ki, Qırğızıstanın dövlət başçısının Azərbaycana səfəri sayca ikinci səfərdir.


    24 aprel tarixində baş tutan səfərdə Dövlətlərarası  Şuranın iclasının keçirilməsi ilə də əlamətdar oldu. Coğrafi və geopolitik məkan olaraq Qırğızıstan mühüm geosiyasi mövqedə yerləşən türk dövlətlərindən biridir. Onun yerləşdiyi məkan Mərkəzi Asiya dövlətləri arasında iqtisadi münasibətlərin tənzimlənməsi və hər tərəfli şaxələnməsi baxımından çox əhəmiyyətlidir. Belə olan halda Azərbaycanın Qırğızıstanla olan münasibətlərinin daha da inkişaf edərək sürətlənəcəyinə heç bir şübhə yoxdur.

    Qırğızıstan bir türk dövləti olaraq 44 günlük Vətən Müharibəsi zamanı da Azərbaycanın haqq işinə səs vermiş, dövlətimizin ədalətli mövqeyini daim dəstəkləmişdir. Qırğızıstan prezidentinin səfəri zamanı işğaldan azad edilmiş Fizuli və Ağdam şəhərlərinə də səfər edilmiş və orada aparılan yenidənqurma işləri ilə tanış olunmuşdur. Bu gün Qırğızıstan işğaldan azad edilmiş ərazilərin bərpasında yaxından iştirak etməkdə maraqlıdır və həmin işlərə öz töhfələrini verməyə hazırdırlar. Bizlər əminik ki, bir türk xalqı, dövləti olaraq Qırğızıstan və Azərbaycan arasında olan münasibətlərin inkişaf prosesi daha sürətli və davamlı olacaq, mövcud münasibətlər ictimai həyatımızın bütün sahələrini əhatə edəcəkdir.


    İsgəndər Məmmədov;
    Neftçala rayon gənci



    XƏBƏR LENTİ

    07 May 2024
    06 May 2024
    04 May 2024
    03 May 2024
    02 May 2024