Deputat: “Azərbaycan-Gürcüstan münasibətləri daha da genişlənəcək və yeni sahələri əhatə edəcəkdir”

    ÖLKƏ

    19 Mart 2024 | 13:30

    Azərbaycanın Gürcüstanla münasibətləri xüsusi əhəmiyyət kəsb edir. Ölkəmizin təbii resurslarının Avropa bazarlarına çatdırılmasında, eyni zamanda, Şərqdən Qərbə gedən yüklərin daşınmasında Gürcüstan mühüm tranzit rol oynayır. Azərbaycan və Gürcüstan təkcə qonşu və dost deyil, həm də mühüm strateji tərəfdaşdırlar. Bizim dostluğumuz, qardaşlığımız dərin tarixi köklərə əsaslanır. Əsrlər boyu bizim xalqlarımız dostluq, mehriban qonşuluq şəraitində yaşamış, dövlətlərarası münasibətlərimiz möhkəm zəmin üzərində qurulmuşdur. Bu baxımdan bir neçə gün öncə Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin Azərbaycana rəsmi səfəri böyük önəm daşıyır.

    Prezident İlham Əliyev martın 16-da Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin Azərbaycana rəsmi səfəri ilə əlaqədar mətbuata verdiyi bəyanatda bir sıra mühüm məqamlara toxundu. Dövlət başçımız bildirdi ki, bu gün hər iki ölkə birgə səylərlə nəinki öz iqtisadi inkişafını təmin edir, eyni zamanda, bölgə üçün və böyük mənada Avrasiya üçün də önəmli ölkələrə çevriliblər. Birgə həyata keçirdiyimiz infrastruktur layihələri - nəqliyyat, enerji layihələri bir çox ölkələr üçün böyük əhəmiyyət kəsb edir və bundan sonra da bu istiqamətdə əlavə addımlar atılacaq. Bakı-Tbilisi-Qars dəmir yolunun bir-iki aydan sonra artıq genişləndirilmiş formada fəaliyyətə başlaması böyük nailiyyətlərdən biridir. Bir-iki aya Bakı-Tbilisi-Qars dəmir yolunun ötürmə qabiliyyəti 1 milyon tondan 5 milyon tona çatdırılacaq və eyni zamanda, bu dəmir yolunun fəaliyyəti bir çox ölkələr üçün də cəlbedici olacaq.

    Dövlət başçımız qeyd etdi ki, Azərbaycan, Gürcüstan və Türkiyə Cənub Qaz Dəhlizi layihəsinin təşəbbüskarları kimi xüsusi rola malikdirlər. Azərbaycan qazı Gürcüstan vasitəsilə bir neçə ölkəyə ixrac edilir. Azərbaycan qazını alan ölkələrin sayı 8-ə çatıb və bu, son deyil. Yaxın gələcəkdə bu ölkələrin sayı artacaq və Azərbaycanın enerji resurslarına olan tələbat ildən-ilə artır və artacaq. Avropa qitəsində də Azərbaycan qazına tələbatın ildən-ilə artdığı bir vaxtda bizim enerji layihələrimiz bundan sonra da bir çox ölkələrin enerji təhlükəsizliyini təmin edəcək və burada Gürcüstan ilə Azərbaycan iki etibarlı tərəfdaş kimi çıxış edirlər.

    Bundan başqa, yeni layihələr üzərində işlər davamlı olaraq aparılır. Onlardan biri yaşıl enerji layihəsidir. Bu sahədə də Gürcüstan və Azərbaycan digər ölkələrlə bərabər çox böyük və genişmiqyaslı layihənin icrasına başlamışdır. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Cənub Qaz Dəhlizi, Bakı-Tbilisi-Qars kimi uğur gətirən layihələr yaşıl enerji layihəsi üçün örnək olacaq və yaşıl enerji layihəsi eyni müvəffəqiyyətlə icra ediləcəkdir.

    Bu gün Gürcüstan Hökumətinin düşünülmüş islahat siyasəti nəticəsində ölkədə çox gözəl sərmayə mühiti yaradılıb. Azərbaycan investorları Gürcüstan iqtisadiyyatına 3,4 milyard dollar sərmayə qoymuşlar.

    Dövlət başçımız onu da qeyd etdi ki, biz bütün dövrlərdə bir-birimizin suverenliyini, ərazi bütövlüyünü, sərhədlərin toxunulmazlığını dəstəkləyən açıqlamalar vermişik, müvafiq beynəlxalq təşkilatlarda səsvermə zamanı bir-birimizi dəstəkləmişik, bundan sonra da bu dəstək davam edəcək. Heç bir ölkənin suveren ərazisi zor gücü ilə dəyişdirilə bilməz. Beynəlxalq hüququn normaları hər bir ölkə üçün əsas olmalıdır və burada heç bir ayrı-seçkilik ola bilməz. BMT Nizamnaməsi hər bir ölkənin özünü müdafiəetmə hüququnu tanıyıb və Azərbaycan məhz bu hüquqdan istifadə edərək ərazi bütövlüyünü bərpa edib. Azərbaycan uzun illər ərzində işğaldan əziyyət çəkmiş, öz ərazi bütövlüyünü və suverenliyini bərpa etmiş ölkə kimi çox yaxşı bilir ki, beynəlxalq hüququn normaları bəzi hallarda güc tətbiq etməklə bərpa olunur. Bu yol da tamamilə qanunidir.

    Ölkələrimiz arasında əlaqələrin və əməkdaşlığın inkişafında mühüm əhəmiyyətə malik olan Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin Azərbaycana rəsmi səfəri və münasibətlərimizin dinamikası onu deməyə əsas verir ki, Azərbaycan-Gürcüstan münasibətləri gələcəkdə daha da genişlənəcək və yeni sahələri əhatə edəcək.

    Jalə Əhmədova

    Milli Məclisin deputatı



    XƏBƏR LENTİ

    26 Aprel 2024
    25 Aprel 2024
    24 Aprel 2024
    23 Aprel 2024
    22 Aprel 2024