Bakıda 6.5 km məsafəni əhatə edən mikromobillik zolağı tamamlanıb

    İQTİSADİYYAT

    19 Mart 2024 | 17:08

    Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən Bakı şəhərində mikromobillik infrastrukturunun inkişaf etdirilməsi məqsədilə həyata keçirilən layihə çərçivəsində 6.5 km məsafəni əhatə edən davamlı mikromobillik zolağı artıq hazırdır.

    Pressa Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə istinadən xəbər verir ki, zolaqlar Bakı şəhərinin, əsasən, mərkəzi hissələrini – İstiqlaliyyət küçəsi, Azərbaycan prospekti, Mirzəağa Əliyev küçəsi, Bülbül prospekti, Fikrət Əmirov küçəsi və Bulvar ərazisini əhatə edir.

      Artıq Dənizkənarı Milli Park ərazisində də müvafiq işlər başa çatdırılıb. Bulvar ərazisində Dəniz Vağzalının qarşısından “Azneft” dairəsinədək uzunluğu təxminən 2200 metr olan velosiped yolunun təşkil edilməsi ilə digər küçə və prospektlərdə salınan velosiped yolları əlaqələndirilib və tam bir dövrə tamamlanıb. Görülən işlər çərçivəsində müvafiq nişanlanma işləri aparılıb, təhlükəsizlik məqsədilə yol nişanları quraşdırılıb, əlçatanlığın təmin edilməsi üçün panduslar inşa olunub.

      Qeyd edək ki, 13 məntəqədə mikromobillik vasitələri üçün parklanma yerləri təşkil edilib. Avtomobillərlə yarana biləcək münaqişəli nöqtələrin aradan qaldırılması üçün təhlükəsizlik sədləri quraşdırılıb.

      Əhali arasında velosipeddən və skuterlərdən istifadəyə artan marağı, eləcə də bu nəqliyyat növünün geniş istifadəsinin mikromobillik, nəqliyyat sıxlığının azaldılması, ətraf mühitin qorunması, fiziki fəallığın artırılması və sağlam həyat tərzi baxımından əhəmiyyətini nəzərə alaraq, sakinlər üçün şəhər konsepsiyası çərçivəsində AYNA tərəfindən velosiped zolaqları şəbəkəsinin 50 km-ə çatdırılması planlaşdırılır.



      XƏBƏR LENTİ

      26 Aprel 2024
      25 Aprel 2024
      24 Aprel 2024
      23 Aprel 2024
      22 Aprel 2024