Azad olunmuş ərazilərə avtobus reyslərinə aprel ayı üçün biletlər satışa çıxarılacaq

    İQTİSADİYYAT

    25 Mart 2024 | 13:43

    Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) işğaldan azad olunmuş ərazilərə təşkil etdiyi müntəzəm avtobus reyslərinə aprel ayı üçün biletlər 27 mart saat 11:00-da satışa çıxarılacaq.

    Pressa
    -nın AYNA-ya istinadən xəbərinə görə, sərnişin daşınması ilə bağlı sistemliliyin təmin edilməsi və məlumat bazasının formalaşdırılması məqsədilə marşrut xətləri üzrə bilet satışı www.yolumuzqarabaga.az portalı üzərindən onlayn qaydada həyata keçirilir. Təhlükəsizliyin təmin olunması, işğaldan azad edilmiş ərazilərə giriş icazəsinin bilet alışı prosesi ilə sinxronlaşdırılması, güzəşt tətbiq ediləcək şəxslərin müəyyənləşdirilməsi üçün onlayn bilet satışı portalı müvafiq informasiya sistemlərinə inteqrasiya edilib.

    Vətəndaşlar bilet almaq üçün şəxsiyyətini təsdiq edən sənəddəki məlumatları sistemə daxil etməlidirlər. Hər bir bilet yalnız şəxsiyyət vəsiqəsi ilə eyniləşdirilən vətəndaş tərəfindən istifadə oluna bilər. Biletlərin alındıqdan sonra başqa şəxsə transfer edilməsi mümkün deyil.

    Sərnişinlər gediş və qayıdış biletlərini əvvəlcədən eyni vaxtda sifariş etməlidirlər.

    Qeyd edək ki, işğaldan azad olunmuş ərazilərə ilk müntəzəm avtobus marşrutları 2022-ci il yanvarın 24-də istifadəyə verilib. Bu günədək ümumilikdə 707 reys həyata keçirilib, 28754 sərnişin işğaldan azad olunmuş əraziləri ziyarət edib.



      XƏBƏR LENTİ

      26 Aprel 2024
      25 Aprel 2024
      24 Aprel 2024
      23 Aprel 2024
      22 Aprel 2024