Vahid Hacıyev: Ağalıda kiçik sahibkarların yerləşdirilməsi üzrə işlər görülür

    ÖLKƏ

    26 Noyabr 2022 | 13:53

    Hazırda Ağalı kəndi ərazisində kiçik sahibkarların yerləşdirilməsi üzrə işlər görülür.

    Pressa xəbər verir ki, bunu Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilan rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyev “İşğaldan azad edilmiş ərazilərin dayanıqlı inkişafı və reinteqrasiyası” mövzusunda təşkil olunan görüşdə deyib.

    Prezidentin xüsusi nümayəndəsi bildirib ki, işğaldan azad edilən ərazilərdə genişmiqyaslı bərpa-quruculuq işləri, iri infrastruktur layihələri həyata keçirilir.

    O, “Böyük Qayıdış” layihəsi çərçivəsində artıq 326 nəfər Ağalı kəndinə köçürüldüyünü xatırladıb:

    “Kəndə köçürülən əhali üçün şərait yaradılır, dövlət qurumları vasitəsilə infrastruktur obyektləri qurulur, müxtəlif layihə və tədbirlər həyata keçirilir. Onların məşğulluq məsələləri həll edilir. Hazırda Ağalı kəndi ərazisində kiçik sahibkarların yerləşdirilməsi üzrə işlər görülür. Bundan başqa, Zəngilan rayonu ərazisində dörd su elektrik stansiyasının tikintisi davam etdirilir. Horadiz-Ağbənd dəmir yolunun isə gələn ilin sonuna kimi tikintisinin yekunlaşacağı gözlənilir”.

    Vahid Hacıyev işğaldan azad edilən ərazilərdə perspektivdə nəzərdə tutulan planlar barədə də danışıb: “Əgər bütün Şərqi Zəngəzur və Qarabağa baxsaq, burada 5 istiqamətdə layihələrin həyata keçirilməsi mümkündür: mədən-sənaye, kənd təsərrüfatı, logistika, turizm və “yaşıl enerji”. Zəngilan Azərbaycan iqtisadiyyatına çox böyük töhfələr verəcək. Həm kənd təsərrüfatı, həm təbii ehtiyatların mövcudluğu, həm logistika və turizm, həm də “yaşıl enerji”dən söhbət gedir”.



    XƏBƏR LENTİ

    25 Aprel 2024
    24 Aprel 2024
    23 Aprel 2024
    22 Aprel 2024
    20 Aprel 2024
    19 Aprel 2024