Turizm şirkəti vasitəsilə səfərə çıxacaq şəxsin mütləq səfər sığortası olmalıdır

    İQTİSADİYYAT

    21 Sentyabr 2022 | 11:00

    Azərbaycanda turizm sektorunun inkişafı prioritet istiqamətlərdən biridir. Dövlət tərəfindən qeyri-neft sektorunun bir qolu kimi turizmin inkişafına böyük diqqət göstərilir. Burda müştəri məmnuniyyəti ən önəmli amildir. Ona görə də turizm şirkəti vasitəsilə səfərə çıxacaq şəxsin mütləq səfər sığortası olmalıdır. 

    Pressa xəbər verir ki, ekspertlərin fikrincə, istər xarici, istər daxili turlarda hər bir tur iştirakçının səyahət sığortası olması vacibdir. Səfər sığortası tur zamanı baş verə biləcək bədbəxt hadisələr zamanı maddi zərəri qarşılayır. Səyahət sığortası olacağı təqdirdə turun da bahalaşacağı qaçılmazdır. Bu baxımdan vətəndaşlar ilk növbədə qiyməti yox, səyahəti təşkil edən turizm şirkətinin nə qədər peşəkar olduğunu nəzərə almalıdırlar.

    Mövzuyla bağlı açıqlama verən Azərbaycan Otellər və Restoranlar Assosiasiyasının İdarə Heyətinin sədri Samir Dübəndi deyib ki, xaricə üz tutan Azərbaycan vətəndaşlarının həmin ölkənin qanunvericiliyi tələb etdiyi halda səfər sığortası olmalıdır. Eyni zamanda ölkəyə gələn turistlərin də səfər sığortası olmalıdır:

    "Bilirsiz ki, turist gözlənilməz hallarla üzləşə bilər. Ola bilsin səhhətinə hansısa xəsarətlər yetirilsin, müxtəlif hallarla bu müşahidə oluna bilər. Nəqliyyatda ola bilər, oteldə yaşadığı zaman, ekskursiya zamanı və s. Təbii ki, bunları sığortalamaq üçün qanunvericiliyimizdə müvafiq qeydlər var". 

    Səyahət sığortasının qiymətlərinə gəlincə, səyahətə çəkilən xərclə müqayisədə səyahət sığortasına ödəniləcək sığorta haqqı olduqca az xərc tələb edir. Sığorta haqqının nə qədər olacağı səyahətçinin hansı ölkəyə getməsindən, səfərin məqsədindən, onun yaşından və səfərin müddətindən asılıdır. Bununla yanaşı, sığorta haqları turistlərin hansı qrupa aid olmalarından da asılıdır. İdmançılar, yaşlı və ahıl insanlar, tikinti və şaxtada işləmək üçün gedənlər, alpinistlərin riskləri fərqli olduğuna görə, onların sığorta haqları sadə turistlərə nisbətən yüksək olur. 

    Turizm şirkətinin rəhbəri Şəhriyar Qurbanzadə isə hesab edir ki, səyahət sığortası vətəndaşlar üçün böyük əhəmiyyət kəsb edir:

    "Səyahət sığortası nə üçün lazımıdır? Yəni biz özümüzü müəyyən hadisələrdən sığorta edə bilməsək də ən azından çəkdiyimiz maddi zərərin ödənilməsindən sığortalana bilərik. Səyahət sığortası vətəndaşların harda olmasından aslı olmayaraq bütün dünyada təhlükəsizliyini qoruyur və buna zəmanət verir. Hələ ki, insanlarda səyahət sığortası ilə bağlı məlumat azdır. Bu istiqamətdə maarifləndirmə tədbirlərinin keçirilməsi vacib bir addımdır".

    Adətən Azərbaycan vətandaşları viza rejimi tətbiq edilməyən ölkələrə səfər edərkən könüllü şəkildə səyahət sığortası əldə edir. Səfər zamanı istirahət zonalarında ən çox əyləncə mərkəzlərində müxtəlif dərəcəli bədən xəsarətləri, günvurma kimi və s. kimi fərqli tibbi xərclər yaranır. İntensiv sığorta ödənişləri, şirkətlərə müraciətlər yay aylarında daha çox müşahidə olunur. Elə buna görə də səyahətə gedərkən hər bir turist səyahət sığortasından istifadə etməyə diqqət yetirməlidir.

    Qeyd edək ki, Avropa İttifaqı ölkələrinə, Amerika Birləşmiş Ştatları, Kanada və bir sıra ölkələrə səfər edənlər viza almaq üçün səfirliyə səfər sığortası təqdim etməlidir. Əks halda turistə viza verilmir. Burda məqsəd qeyd olunan ölkələrə turistin səfəri zamanı yaşıya biləcəyi tibbi xərcləri sığortalandığı şirkətlərin təmin etməsidir. Buna paralel olaraq, ölkə hüdudlarından kənarda sığorta hadisəsi baş vedikdə, turistin hadisəsi ilə sığorta şirkətinin həmin ölkədəki tərəfdaşı məşğul olur. Bu tərəfdaşın əlaqə vasitələri sığorta müqaviləsində göstərilir. Sığorta müqaviləsi əldə edərkən mütləq həmin əlaqə nömrələri ilə tanış olmaq lazımdır. Gələcəkdə ölkəmizdə də bu istiqamətdə addımların atılacağı istisna edilmir. 



    XƏBƏR LENTİ

    25 Aprel 2024
    24 Aprel 2024
    23 Aprel 2024
    22 Aprel 2024
    20 Aprel 2024