"Şahdəniz 2"nin şimal cinahında beşinci quyudan hasilata başlanılıb

    İQTİSADİYYAT

    22 Noyabr 2021 | 13:37

    Xəzərin Azərbaycan sektorunda yerləşən "Şahdəniz" yatağının işlənməsinin ikinci mərhələsi ("Şahdəniz 2") çərçivəsində şimal cinahında beşinci quyudan hasilata başlanılıb.

    Apa Economics"in məlumatına görə, bu barədə BP şirkətinin açıqlamasında deyilir.

    Qeyd olunur ki, bu, 2021-ci ilin IV rübünə planlaşdırılmış mühüm bir əməliyyatdır və layihə çərçivəsində təhlükəsiz və qrafikə uyğun şəkildə əldə edilmiş daha bir uğurdur.

    "Mövcud "Şahdəniz 1" və "Şahdəniz 2" qurğularının hasilat gücü hazırda gündə təxminən 70 mln. (ildə 25 mlrd. çox) standart kubmetrdir", - açıqlamada deyilir.

    2021-ci ilin iyul ayında ilk dəfə olaraq "Şahdəniz Bravo" platformasından gündəlik hasilat "Şahdəniz Alfa" ilə eyni səviyyəyə çatıb. İlin ilk üç rübündə yataqdan ümumilikdə - "Şahdəniz Alfa" və "Şahdəniz Bravo" platformalarından birlikdə təqribən 16 mlrd. standart kubmetr qaz və 3 mln. ton (təqribən 24 mln. barel) kondensat hasil edilib.

    Qeyd edək ki, "Şahdəniz" yatağı üzrə pay bölgüsü haqqında saziş 1996-cı ildə imzalanıb və ratifikasiya edilib. Layihədə BP (operator – 28,8%), AzSD (10%), "SGC Upstream" (6,7%), "Petronas" (15,5%), "Lukoil" (10%), NICO (10%) və TPAO (19%) şirkətləri iştirak edir.

     



    XƏBƏR LENTİ

    25 Aprel 2024
    24 Aprel 2024
    23 Aprel 2024
    22 Aprel 2024
    20 Aprel 2024