DİN: Vətəndaşların başqa ünvana qeydiyyata düşməsi imkanları araşdırılır

    ÖLKƏ

    25 Yanvar 2022 | 15:38

    "Vətəndaşların polisin inzibati binalarından müvəqqəti qeydiyyatdan çıxarılaraq onların faktiki yaşayış yeri üzrə qeydiyyata salınması ilk növbədə həmin şəxslərin özləri üçün çox vacib olan bir hüquqi prosedurdur".

    Pressa xəbər verir ki, bunu Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin rəisi Ehsan Zahidov bildirib. Polisə aid inzibati binalarda qeydiyyatda olan vətəndaşların qeydiyyatlarının ləğv edilməsi ilə bağlı yaranan söz-söhbətlərə münasibət bildirən E. Zahidov deyib ki, 2000-ci illərin əvvəllərində yaşayış yeri olmayan, məhkəmə qətnaməsi əsasında qeydiyyatdan çıxarılan, mülkiyyət hüququnu təsdiqləyən sənədi olmayan evlərdə yaşayan və digər bu kimi kateqoriyadan olan şəxslər polisin inzibati binalarında müvəqqəti qeydiyyata alınırdılar: "Hazırki araşdırmalar göstərir ki, keçən dövrdə həmin şəxslərin bir çoxu sonradan müvafiq sənədləri olan evlərə, mənzillərə köçsələr də polisin inzibati binalarından qeydiyyatdan çıxarılmamış və ya bu barədə polis orqanlarına məlumat verilməmişdir. Ona görə də vətəndaş qeydiyyatı uçotunun dəqiqliyini təmin etmək, bu sahədəki pərakəndiliyi aradan qaldırmaq məqsədilə müvafiq tədbirlər həyata keçirilir. Bu hüquqi proseduru zəruri edən səbəblərdən biri də hərbi səfərbərlik, sosial müavinət, icbari sığorta, evlənmə, boşanma və digər məsələlərdə inzibati binalarda qeydiyyatda olan şəxslərlə bağlı digər dövlər qurumlarından polis orqanlarına sorğular daxil olduqda həmin şəxsləri tapmaq çətinliyinin yaranmasıdır. Artıq bu kateqoryadan olan vətəndaşlarımızın faktiki yaşayış yerlərinin və ya başqa ünvana qeydiyyata düşməyə imkanlarının olub-olmaması araşdırılır. Şəxsin faktiki yaşayış yeri və ya başqa ünvana qeydiyyata düşmək imkanı varsa, o polisin inzibati binasından qeydiyyatdan çıxarılaraq paralel olaraq olduğu yer üzrə qeydiyyata alınır".

    DİN rəsmisi qeyd edib ki, bu prosedurun icrası “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanuna uyğun şəkildə təmin edilir.



    XƏBƏR LENTİ

    19 May 2022
    18 May 2022
    17 May 2022
    16 May 2022
    14 May 2022
    13 May 2022