“Azərsu” dələduzluq halları ilə bağlı abonentlərə xəbərdarlıq edib 

    İQTİSADİYYAT

    21 Sentyabr 2022 | 13:53

    Bakı şəhəri Nəsimi rayonunun ərazisində “Azərsu” ASC-nin abonentinə qarşı dələduzluq faktı aşkarlanıb.

    Bu barədə Pressa-ya qurumdan bildirilib. Məlumata görə, özlərini Elnur və Namiq kimi təqdim edən şəxslər Nəsimi rayonu 20 Yanvar küçəsi 25, mənzil 15 ünvanında yaşayan abonentdən 10 il müddətində yaşadıqları ünvana sayğac quraşdırılmaması müqabilində 50 manat alıblar. Həmin şəxslər vətəndaşı bu qanunsuz əmələ inandırmaq üçün Rüstəmov Namiq Ruslan oğlunun adına olan kassa mədaxil qəbzi də təqdim ediblər. Verilmiş qəbzin üzərində vətəndaşın yaşadığı ünvan deyil, 133-cü bina 5-ci mənzil göstərilib. Qəbzin arxa hissəsində 10 il ərzində sayğacın quraşdırılmayacağı barədə qeyd də yazılıb.

    “Azərsu”dan bildirilib ki, bu cür hallar tamamilə qanunaziddir, hər hansı ödənişin müqabilində sayğacın quraşdırlmaması kimi xidmət mövcud deyil. "Bir daha abonentlərin diqqətinə çatdırırıq ki, mənzillərə yaxınlaşan və özünü “Azərsu” ASC-nin əməkdaşı kimi təqdim edən şəxslərdən mütləq qaydada xidməti vəsiqə tələb etsinlər. Xidməti vəsiqə təqdim etməyənlərin tələblərini yerinə yetirməsinlər və suallarını cavablandırmasınlar. Belə qeyri-qanuni əməllərlə rastlaşdıqda və şübhə doğuran hallarla qarşılaşdıqda dərhal 955 Zəng Mərkəzinə məlumat versinlər. Abonentlərdən xahiş olunur ki, yaşadıqları ünvana yaxınlaşan “Azərsu” ASC-nin əməkdaşları da daxil olmaqla heç kimə nağd pul ödəməsinlər, içməli və tullantı su xidmətlərindən istifadəyə görə ödənişləri internet üzərindən (azersu.az saytı, e-su.az portalı, müxtəlif ödəmə saytları), bank, poçt şöbələri, həmçinin ödəmə terminalları vasitəsilə həyata keçirsinlər"- deyə qurumdan qeyd edilib.



    XƏBƏR LENTİ

    25 Aprel 2024
    24 Aprel 2024
    23 Aprel 2024
    22 Aprel 2024
    20 Aprel 2024