Umayra Tağıyeva: “Əlverişsiz hava yanvarın 28-i günortayadək davam edəcək”

    ÖLKƏ

    26 Yanvar 2022 | 15:42

    “Yağıntıların nisbi bolluğuna baxmayaraq, bu ilin yanvar ayında havanın orta temperaturu iqlim normasından 2,6 dərəcə yuxarı olub. Ümumilikdə isə 25 günün yalnız 4-də temperatur normadan aşağı qeydə alınıb (0,2-1 dərəcə C), 21 gün isə orta iqlim göstəricilərindən 0,9 – 4,9 dərəcə C yuxarı müşahidə edilib. Yanvarın 7-də isə bu göstərici normadan 6,7 dərəcə C yuxarı olub”.

    Pressa-nın xəbərinə görə, bunu Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva deyib.

    O bildirib ki, yağıntılar daha çox ölkənin şərq hissəsində qeydə alınıb: “Burada 25 gün ərzində aylıq normadan 27-43 faiz çox yağıntı düşüb. Bakı və Abşeron yarımadasında isə 11 gün yağıntı qeydə alınıb ki, onun 4-ü sulu qar və qar halında olub.

    Növbəti yağıntılı soyuq hava cəbhəsi yanvarın 27-də gözlənilir. Əlverişsiz hava yanvarın 28-i günortayadək davam edəcək. Bu dövr ərzində bölgələrdə sulu qar və qar halında yağıntıların olacağı proqnozlaşdırılır. Bakıda yağış yağacağı, axşam və gecə saatlarına yaxın isə sulu qara keçəcəyi gözlənilir. Havanın temperaturu 2-5 dərəcə C arasında olacaq. Abşeron üçün belə proseslərdə xarakterik olan şimal-qərb küləyinin yanvarın 27-i güclənməsi, 28-i isə tədricən günün birinci yarısında zəifləməsi gözlənilir. Küləyin maksimal sürəti 20-23 m/s olacaq.

    Ayın son günləri isə hava yağıntısız və nisbətən sabit keçəcək. Bakıda hava bəzi saatlarda dəyişkən buludlu olacaq, bəzi vaxtlarda isə cənub küləyi (gilavar) güclənəcək. Yüksək dağlıq ərazilərdə arabir güclənən cənub-qərb küləyinin əsməsi və temperaturun nisbətən yüksəlməsi qar uçqunlarının baş verməsinə səbəb ola bilər”.



    XƏBƏR LENTİ

    24 Aprel 2024
    23 Aprel 2024
    22 Aprel 2024
    20 Aprel 2024
    19 Aprel 2024
    18 Aprel 2024
    17 Aprel 2024