Təhsil fəaliyyəti ilə bağlı bir sıra vasitələr gömrük rüsumundan azad ediləcək

    SON XƏBƏRLƏR, TƏHSİL

    30 Sentyabr 2022 | 15:35

    Təhsil fəaliyyəti ilə bağlı idxal edilən bir sıra avadanlıqlar, cihazlar, qurğular və digər vasitələr gömrük rüsumundan azad ediləcək.

    Pressa-nın xəbərinə görə, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Gömrük tarifi haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

    Gömrük rüsumlarından azad edilən avadanlığın, cihazların, qurğuların və təhsil fəaliyyəti ilə bağlı olan digər vasitələrin siyahısı müvafiq dövlət orqanı tərəfindən təsdiq ediləcək. Qanuna təklif olunan dəyişikliklər 2023-cü il yanvarın 1-dən 2 il ərzində qüvvədə olacaq.

    Dəyişikliklər ümumi təhsil müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsinə, bu müəssisələrdə təhsil alanların daha keyfiyyətli praktiki biliklər əldə etməsinə, bütövlükdə təhsilin mühüm pilləsi olan ümumi təhsilin keyfiyyətinin yüksəlməsinə xidmət edəcək.

    Parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili bildirib ki, Azərbaycanda 4500 ümumtəhsil məktəbi var, il ərzində 20 milyon manatlıq avadanlıq idxal olunur. Deputat bildirib ki, qanun layihəsinin qəbulu ilə buna tətbiq edilən rüsum ləğv ediləcək: “Bu qanun layihəsinin müzakirəsi zamanı səsləndirilən təkliflərdən biri də bunun özəl ümumtəhsil müəssisələrinə də tətbiq olunması ilə bağlıdır. Bildirim ki, bu, Təhsil Nazirliyinin hazırladığı siyahı əsasında tətbiq olunacaq”.

     

    Milli Məclisin Elm və təhsil komitəsinin sədri Bəxtiyar Əliyev isə deyib ki, Azad edilmiş torpaqlarımızda müasir tələblərə cavab verən məktəblərin təməli qoyulub, eyni zamanda Qarabağ Universiteti də tikiləcək

    Deputat bildirib ki, “Gömrük tarifi haqqında” qanuna təklif edilən dəyişiklik çox az müddəti əhatə edəcək: “Azad olunmuş ərazilərdə məktəblər tikiləndən sonra bu qanuna yenidən baxılmalıdır. Çünki azad olunmuş ərazilərdə tikilən məktəblərin müasir avadanlıqlarla təmin edilməsi çox mühüm məsələdir”.

    Layihə səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.

     



    XƏBƏR LENTİ

    27 Noyabr 2022
    26 Noyabr 2022
    25 Noyabr 2022
    24 Noyabr 2022
    23 Noyabr 2022