Tarix İnstitutu: Şimal-qərb bölgəsindəki abidələrin dağılıb məhv olması an məsələsidir

    MƏDƏNİYYƏT

    17 Oktyabr 2022 | 16:17

    Oktyabrın 14-dən 16-dək “Albaniya tarix və mədəniyyət abidələri ilə tanışlıq” layihəsi çərçivəsində AMEA Tarix İnstitutunun “Atropatena - Albaniya (Qafqaz) tarixi” və “Azərbaycanın VII-XIV əsrlər tarixi” şöbəsinin əməkdaşları Balakən-Zaqatala rayonları ərazisində elmi ezamiyyətdə olublar.

    Bu barədə Pressa-ya İnstitutdan bildirilib.

    Qeyd olunub ki, səfərin başlıca məqsədi bölgədəki alban dövrü abidələri ilə tanış olmaq olub: “Ezamiyyətin ilk günü AMEA-nın Şəki Regional Elmi Mərkəzinin əməkdaşlarının müşayiəti ilə Balakəndə olan Aşağı Qullar, Arılıqbinə, Nurkilsə, Dəvəboynu, Tülü məbədlərinə, həmçinin Zaqatala səddinə baxış həyata keçirilib, bu abidələrin hazırkı vəziyyəti, hansı dövrə aid olması, quruluşu və xarakterik cəhətləri barədə fikir mübadiləsi aparılıb, abidələrin fotoları çəkilib. Ezamiyyətin ikinci günü isə Balakən rayonu ərazisində Yuxarı Qullar, Poştbinə və Cicixana məbədləri, Zaqatala rayonu ərazisindəki Mamrux məbədi, Qax rayonu ərazisindəki Qum bazilikası və Yeddi kilsə məbədi ilə tanışlıq olub”.

    Vurğulanıb ki, səfərin müddəti qısa olduğu üçün əsasən Balakən rayonu ərazisindəki rayon mərkəzinə yaxın ərazidə yerləşən abidələrlə tanış olmaq mümkün olub, həmçinin, yolüstü qonşu Zaqatala, Qax və Qəbələ rayonlarında olan bəzi abidələrə də baxış həyata keçirilib. Ezamiyyətdə olan qrupun rəhbəri t.ü.f.d. Ellada Bəkirovanın verdiyi məlumata görə, tanış olduqları abidələrdən bir çoxunun üzərində dövlət reyestri barədə məlumatlarda yanlışlıqlar var və bəzən abidənin məlumat lövhəsində onun yaşı, təyinatı ilə bağlı doğru olmayan informasiyalar yerləşdirilib: “Həmçinin, bəzi abidələrin üzərində dövlət tərəfindən qorunduğu barədə məlumat lövhəsi olmadığı üçün onların dağılıb məhv olması an məsələsidir”.

    Ellada Bəkirovanın verdiyi məlumata görə, bölgə tarixi turizmə çox münasib olsa da, abidələrin bir hissəsi (xüsusilə Balakən rayonu ərazisində yerləşən abidələr) əhalinin şəxsi təsərrüfatlarının ərazisində yerləşdiyi üçün onlardan turizm məqsədli istifadə etmək demək olar ki, mümkün deyil, həmçinin elmi tədqiqatların aparılması zamanı da müəyyən çətinliklər yaranır və bu məsələ aidiyyəti olan dövlət qurumlarının diqqətində olmalıdır.

    Qeyd etmək lazımdır ki, bu layihə ilin sonuna qədər davam etdiriləcək və alban dövrü ilə məşğul olan əməkdaşlar ölkənin digər bölgələrində olan abidələrlə də tanış olmaq üçün ezam ediləcəklər.

     



    XƏBƏR LENTİ

    24 Aprel 2024
    23 Aprel 2024
    22 Aprel 2024
    20 Aprel 2024
    19 Aprel 2024
    18 Aprel 2024