Səfir: Qazaxıstanla Azərbaycanın Türk dünyasının inteqrasiyasına baxışı eynidir

    SİYASƏT

    16 Noyabr 2022 | 16:08

    Bu il qardaş Azərbaycanla Qazaxıstan arasında diplomatik əlaqələrin qurulmasının 30 ili tamam olur. Bizim əlaqələrimiz çoxəsrlik tarixə malikdir, xalqlarımız və dövlətlərimiz arasında tarixi, strateji, din və dil yaxınlıqları var.

    Pressa xəbər verir ki, bu barədə bu gün Qazaxıstan səfiri Serjan Abdıkarimov keçirdiyi mətbuat konfransında deyib.

    Səfirin sözlərinə görə, tarixin müxtəlif vaxtlarında bir çox hadisələr baş verib ki, xalqlar arasında əlaqələri genişləndirib: “Bu il biz ölkələrimiz arasında diplomatik münasibətlərin qurulması kimi əlamətdar hadisənin şahidi olduq. Bu illər ərzində davamlı siyasi dialoqların nəticəsi olaraq Azərbaycanla Qazaxıstan arasında strateji, mədəni-humanitar əməkdaşlıq daha da güclənib. Bu ilin avqustunda Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin Azərbaycana ilk rəsmi səfəri təşkil olunub. Bu səfər tarixi əhəmiyyət daşıdı, belə ki, ölkələrimiz arasında diplomatik münasibətlərin yaradılması ərəfəsinə təsadüf etdi. Prezidentlərimiz arasında keçirilən görüş zamanı da ölkələrimiz arasındakı qardaşlıq xüsusilə qeyd olundu, strateji, iqtisadi və digər sahələrdəki əlaqələr yüksək qiymətləndirildi. Səfər zamanı deklarasiya imzalandı və bu da öz növbəsində əlaqələrin möhkəmlənməsinə töhfəsini verir. Bu sənəd bizim əlaqələrimizin 30 illiyinin yekunu və bundan sonrakı əlaqələrin başlanğıcı oldu. Dövlət başçıları və daha genişləndirilmiş formatda keçirilən görüşlər Qazaxıstanla Azərbaycan arasında siyasi məsələlərdə hər hansı anlaşılmazlığın olmadığını sübuta yetirdi. Biz beynəlxalq arenada baş verən bir çox məsələlərə eyni mövqedən yanaşırıq”.

    Diplomat qeyd edib ki, Qazaxıstanla Azərbaycanın Türk dünyasının inteqrasiyasına baxışı isə tamamilə eynidir.

    Serjan Abdıkarimov Azərbaycan-Qazaxıstan Dövlətlərarası Əməkdaşlıq Şurasının yaradıldığını xatırladıb: “Bu da bizim investisiya, ticarət, mədəniyyət, humanitar və digər sahələrdə gələcək əməkdaşlığımızın daha yüksək inkişaf mərhələsinə keçməsi üçün əsaslı addımdır”.



    XƏBƏR LENTİ

    23 Aprel 2024
    22 Aprel 2024
    20 Aprel 2024
    19 Aprel 2024
    18 Aprel 2024
    17 Aprel 2024
    16 Aprel 2024