Saytları və hesabları qorumaq üçün nə etmək lazımdır?

    ÖLKƏ

    02 Dekabr 2021 | 10:13

    Ötən həftə Azərbaycan Daxili İşlər Nazirliyinin keçirdiyi əməliyyat nəticəsində saxta kriptovalyuta satana iki mütəşəkkil dəstənin üzvləri həbs edilib. Birinci əməliyyat nəticəsində “OCOS” kriptovalyutasının satışını həyata keçirən şəxslər, digər əməliyyatda isə “Crowd-1” maliyyə şəbəkəsinin üzvləri saxlanılıb.

    Rəsmi açıqlamada da qeyd edilir ki, həbs edilən şəxslər 10 mindən çox şəxsin külli miqdarda pulunu mənimsəyiblər.

    İKT üzrə müstəqil ekspert Elvin Abbasov Report-a qeyd edib ki, bu məsələ kiber təhlükəsizlik baxımından da xüsusi əhəmiyyət kəsb edir:

    “Kriptovalyuta fiziki olmadığı və bir proqram təminatı üzərində nəzərdə tutulduğu üçün onun kibertəhlükəsizliyə aidiyyəti var. Əksər kiberhücumlarda əsas məqsəd ya “DATA”ya (məlumatlara), ya da maliyyə mənbələrinə çıxış əldə etməkdir. Əgər kiminsə məlumatları hakerlərin əlinə keçərsə bu zaman həmin şəxsin vəsaitləri yaxud sərvəti təhlükə altında olur. Əgər haker sistemə verilən şifrə ilə daxil olursa bu zaman sistemin hər hansı probleminin olmasını demək olmaz”.

    Ekspert hesab edir ki, məlumatların oğurlanmaması üçün hər gün yenilənən və müasir təhlükəsizlik tədbirləri görülməlidir:

    “Qeyd edim ki, “DATA”nı qorumağın standartları mövcuddur və bu ISO sertifikatı ilə tənzimlənir. Bu standartlar onun üçün mövcuddur ki, sistemlər bir-birini tanısın.

    Elektron valyutanı köçürməklə, hakerin mobil əlavəyə daxil olub fiziki pulu başqa hesaba köçürməsi arasında heç bir fərq yoxdur. Hər ikisində əməliyyatlar kodlar vasitəsi ilə aparılır. Sadəcə fərq ondadır ki, klassik valyuta bankda saxlanır, kriptovalyuta isə elektron şəkildə sistemdə. Bu da onu göstərir ki, əslində pulun oğurlanması zamanı mahiyyət dəyişmir. Hər ikisində insanın vəsaitləri oğurlanır.

    Saytları və hesabları qorumaq üçün təhlükəsizlik sertifikatlardan istifadə edilir. Bu sertifikatlar bir-birini tanıyan güvənlik panelidir. Biz onun sadə misalını saytlarda görə bilirik. Hansısa sayta daxil olanda onun adını yazırıq. Amma kliklədikdən sonra isə saytın adı yazılan paneldə uzun yazı yaranır. Bunlar hamısı həmin təhlükəsizlik sertifikatlarıdır. Əgər sistemə daxil olmaq üçün şifrə həmin sistemin gözlədiyidisə bu zaman sertifikat ona icazə verəcək. Amma uyğun olmasa bu haker hücumu kimi qəbul ediləcək və əgər sistem daha yaxşı qorunursa bu zaman bloklanacaq. Bu səbəbdən də bir daha demək istəyirəm ki, normal valyutanın oğurlanması ilə kriptovalyutanın oğurlanması mahiyyətcə eynidir”.



    XƏBƏR LENTİ

    25 Yanvar 2022
    24 Yanvar 2022
    22 Yanvar 2022
    21 Yanvar 2022