Qurban bayramının vacib əməlləri 

    ÖLKƏ

    20 Iyul 2021 | 12:38

    İslamın ən böyük bayramının tarixi və qaydaları
    Bu il qurban bayramı avqustun 12-nə təsadüf edəcək. İslam dinində ən böyük bayram hesab olunan Qurban (eyd əl-Adha) Hicri-Qəməri təqvimlə Zilhiccə ayının 10-da qeyd olunur. Eyni zamanda xalq arasında “İsmayıl Qurbanı” adlanan bayram özündə böyük bəşəri dəyərləri cəm edib.


    “Qurban” ərəbcədə “qurbə”, yəni yaxınlaşma sözündən olub, bunu edən insanın əsas qayəsinin məhz Allaha yaxınlaşmaq, Onun razılığına nail olmaq olduğuna işarə edir. Qurani - Kərimin “Kövsər” surəsində buyurulur: “Rəbbinə namaz qıl və (qurban) kəs”. İslam alimlərinə görə, qurban kəsmək peyğəmbərimizin (s.ə.s) təkid etdiyi sünnət əməldir. İbn Abbasın rəvayət etdiyinə görə, rəsulullah (s) belə deyib: “Üç şey mənə fərz (əmr) olunub, siz isə bunu könüllü etməlisiniz. Fitr namazı, qurban kəsmək və sübh namazının fərzindən əvvəl 2 rükət sünnət namazı”.

    Qurban bayramının daha bir vacib atributu bayram namazıdır. Bayram günü müsəlmanlar Həcdə olub-olmamasından asılı olmayaraq 2 rükətli bayram namazı qılır.

    Bayram günü qurban kəsmək Həcc ziyarətində olanlar üçün vacibdir. Həcc ziyarətinin bir mərhələsi olaraq zəvvarlar Həzrət İbrahimin məşhur hədisində olduğu kimi, Zilhiccə ayının 10-da Mina vadisinə çıxır və burda qurban kəsmə mərasimi icra olunur. Qurani-Kərimdə qeyd olunur ki, İbrahim peyğəmbər Allahdan gələn hökmü icra etmək üçün oğlu İsmayılı Mina dağına qurban kəsmək niyyəti ilə aparır. Ancaq Allah İbrahimə oğlunu deyil, əvəzində bir qoç qurban kəsməyi əmr edir. Bu hadisə İslam dinində peyğəmbərin ən qiymətli varlığı, yəni oğlu ilə imtahan edilməsi hadisəsi kimi təqdim olunur. Eyni zamanda bu hadisə qədim dövrlərdə bəzi xalqlarda olan insan qurban etmə əməlinin qadağan edilməsi, Allaha sonsuz itaətin simvolu kimi dəyərləndirilir. Ancaq Qurban kəsmənin ən mühüm tərəflərindən biri yardımlaşmaqdır.

    Quran-Kərimin Həcc surəsinin 37-ci ayəsində buyurulur: “Onların (yəni kəsilən heyvanların - K.) nə əti, nə də qanı, əlbəttə, Allaha çatmaz. Allaha çatacaq olan yalnız sizin təqvanızdır (səmimi-qəlbdən etdiyiniz ibadətdir). Allah sizi doğru yola yönəltdiyi (sizə həccin əməllərini göstərdiyi) üçün Onu (layiqincə) uca tutasınız deyə, bunları sizə belə ram etdi. (Ey Muhəmməd!) Ehsan edənlərə (Cənnətlə) müjdə ver!”

    Ayədən də göründüyü kimi, əsas məqsəd insanlara ehsan (yardım) etmək və bununla Allahın razılığını qazanmaqdır. Qurban kəsmək Həcc ziyarətində olanlara vacib, həcdə olmayan müsəlmanlar üçün isə bəyənilən əməl sayılır. Bayram günü harada olmasından asılı olmayaraq maddi imkanları yetərli olan müsəlmanlar şəriətin buyurduğu heyvanlardan birini Qurban niyyəti ilə kəsərək ehtiyaclı insanlara bağışlaya bilər.

    İslam tarixi mənbələrinə əsasən, Hicrətin ikinci ilindən başlayaraq müsəlmanlar Məhəmməd Peyğəmbərin (s.ə.s) əmri ilə Mədinədə qurban bayramını qeyd etməyə başlayıblar. Qurban bayramı İslamda iki əsas bayramdan biridir. İkinci bayram isə Fitr, yəni Ramazan ayının başa çatması ilə qeyd olunan bayramdır.

    Qurban kəsmənin dinin digər məsələlərində olduğu kimi, özünün hökmləri, qaydaları var. Qurban bayram namazından sonra kəsilməlidir. İslam qaydalarına əsasən qurbanlıq heyvan dəvə, inək, qoyun, qoç ola bilər. Qurbanlıq dəvənin yaşı 5, inək 2, qoyunun yaşı isə 1 ildən az olmamalıdır. Qurbanlıq heyvan sağlam, qüsursuz olmalıdır. Kor, axsaq, qulağı, quyruğu və ya buynuzu kəsik olmamalıdır. Bundan əlavə, heyvan gərək arıq və çox qoca olmasın.

    Hədislərdə buyurulur ki, “4 şey (eyib) var ki, qurbanlıqda (heyvanda) olmamalıdır: açıq-aydın tay göz olan, açıq-aydın xəstə olan, axsadığı açıq-aydın görünən topal heyvan və təmizlənməsi çətin olan arıq heyvan”.

    Yaxşı olar ki, qurban kəsən şəxs qurbanlığın 1/3-ni öz ailəsinə, 1/3-ni yoxsul və ehtiyacı olan qonşularına, qohumlarına, yaxınlarına və 1/3-ni isə ehtiyacı olub istəyən imkansızlara versin.

    Qurban kəsərkən heyvanı üzü qibləyə doğru uzatmaq, qoyunun ayaqlarından birini azad saxlamaq, iribuynuzlu heyvanın isə dörd ayağını da möhkəm bağlamaq lazımdır. Heyvanın boğazına bıçaq qoyularkən yaxşı olar Qurban duası oxunsun və ya heç olmazsa “Bismillah” deyərək dəmir alətlə kəsilsin. Qurban kəsən şəxs müsəlman olmalıdır.

    Qeyd etmək lazımdır ki, bir sıra digər mövzularda olduğu kimi, qurban bayramı ilə bağlı da bəzi neqativ elementlər qeydə alınır. Qurban bayramının məqsədi insanın Allaha yaxın olmaq, bəndəlik vəzifəsi kimi inşalara yardım etmək, İbrahim (ə) ənənəsində olduğu kimi, ac, ehtiyaclı insanları doyurmaqdır. Qurban bir “ət bayramı” deyil, daha çox yardımlaşmaq, ehtiyaclılara kömək etmək günüdür. Bu səbəbdən də bəzi müsəlman ölkələrində olduğu kimi, kütləvi ət kəsmək, israfa yol vermək bəyənilmir. Daha çox ehtiyaclı insana əl tutmaq, ən azı bayram günü süfrə açmasına dəstək olmaq lazımdır. Bu böyük bayramın hədəfi də budur.



    XƏBƏR LENTİ

    24 Aprel 2024
    23 Aprel 2024
    22 Aprel 2024
    20 Aprel 2024
    19 Aprel 2024
    18 Aprel 2024