Qiymətləndirmənin aparılmasına tətbiq ediləcək məhdudiyyətlər məlum olub.
Pressa-nın xəbərinə görə, bu, parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Qiymətləndirmə fəaliyyəti haqqında” qanun layihəsində (birinci oxunuş) əksini tapıb.
Layihəyə əsasən, sifarişçinin və digər maraqlı şəxslərin qiymətləndiricinin fəaliyyətinə müdaxilə etməsinə yol verilmir.
Eyni zamanda layihəyə əsasən, qiymətləndirici sifarişçinin yaxın qohumu (ər, arvad, valideynlər və uşaqlar, baba-nənə və nəvələr, doğma və ögey (ümumi ata və anası olan) qardaş və bacılar), kreditoru (borclusu) və ya sığortalısı olduqda, habelə qiymətləndirici təşkilat sifarişçinin kreditoru (borclusu), sığortalısı olduqda və ya sifarişçi qiymətləndirici təşkilata Azərbaycan Respublikası Mülki Məcəllə ilə müəyyən edilən aidiyyəti olan şəxs olduqda tərəflər arasında qiymətləndirmə haqqında müqavilə bağlana bilməz.
Qiymətləndiricinin qiymətləndirmə obyektinə dair qiymətləndirmə haqqında müqavilədən kənar öhdəlikləri və ya qiymətləndirmənin nəticələrinə görə maddi marağı, habelə qiymətləndirmə obyektinə dair əmlak mənafeyi olduqda onun qiymətləndirməni aparmasına yol verilmir.