Prezidentin köməkçisi: “Azərbaycanın məqsədi qisas deyil, gələcək sülhə çağırışdır”

    İQTİSADİYYAT

    22 Oktyabr 2021 | 12:12

    “2020-ci il Azərbaycan xalqı üçün məxsusi əhəmiyyət kəsb edən dövr oldu”.

    Pressa-nın məlumatına görə, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) “Media Forumu”nun açılışında çıxışı zamanı deyib.

    Prezidentin köməkçisi bildirib ki, 30 ildən sonra Azərbaycan xalqının Qarabağ həsrətinə son qoyulub: “Qardaş Türkiyə Azərbaycanın yanında oldu, Azərbaycana mənəvi, siyasi, diplomatik dəstəyini göstərdi. Eyni zamanda Türk Şurası ölkələri 44 günlük savaş dövründə Azərbaycan xalqına öz dəstəklərini əsirgəmədi. Azərbaycan olaraq qarşımızda yeni bir mübarizə dayanır. Bu da Prezident İlham Əliyev tərəfindən qeyd edildiyi kimi, Qarabağın yenidən qurulmasıdır. Qarabağda 10 kv.km-dən artıq Azərbaycan torpaqları tamamilə dağıdılıb və məhv edilib. XXI əsrdə bir torpağın, şəhərin bu şəkildə dağıdılması ağıla sığan mənzərə deyildi. Türk Şurası ölkələrinin media nümayəndələri dağıdılmış ərazilərə dəfələrlə səfər edib, mediaturlara qatılıb. Onlar Azərbaycanın məhv edilmiş şəhərini, törədilmiş vandallıq aktlarını dünya ictimaiyyətinin diqqətinə çatdırıblar”.

    H. Hacıyev vurğulayıb ki, Azərbaycanın məqsədi qisas deyil: “Azərbaycanın məqsədi gələcək sülhə, barışa çağırışdır. Bizim məqsədimiz bu kimi əməllərin dünyada gələcəkdə baş verməsinin qarşısını almaqdır. Eyni zamanda Qarabağda Azərbaycan və türk xalqına məxsus olan dərin mədəni və tarixi irs var. Təəssüflə qeyd etməliyik ki, bu mədəni irsimiz də illər ərzində məhv edilib. Azərbaycanın xalqının əzmi var ki, Qarabağın tarixi nüfuzunu özünə qaytarsın, Qarabağı yenidən qursun. Əminik ki, qardaş türk dövlətləri bu prosesdə də Azərbaycanın yanında olacaq”.



    XƏBƏR LENTİ

    02 Dekabr 2021
    01 Dekabr 2021
    30 Noyabr 2021
    29 Noyabr 2021