Prezident İlham Əliyev Türkiyənin səhiyyə nazirini qəbul edib

    ÖLKƏ

    22 Sentyabr 2022 | 14:37

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 22-də Türkiyə Respublikasının səhiyyə naziri Fahrettin Kocanı qəbul edib.

    Pressa xəbər verir ki, Fahrettin Koca Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın salamlarını dövlət başçısına çatdırıb.

    Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirib, onun da salamlarını Rəcəb Tayyib Ərdoğana çatdırmağı xahiş edib.

    Qonaq vurğulayıb ki, Azərbaycanın və Türkiyənin dövlət başçıları arasında sarsılmaz birlik və qardaşlıq əlaqələri bütün digər qurumlar kimi, Səhiyyə nazirlikləri arasında da əməkdaşlıq üçün yol göstəricisidir və bu baxımdan ölkələrimizin nazirlikləri sıx əməkdaşlıq həyata keçirir.

    Türkiyənin səhiyyə naziri qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın işğaldan azad olunması dərin sevinc hissi bəxş edir. Nazir şəhidlərlə bağlı başsağlığı verib, qazilərə şəfa diləyib. Şuşa Bəyannaməsinin əhəmiyyətini vurğulayan Fahrettin Koca bu sənəddə əksini tapan hədəflər istiqamətində səhiyyə sahəsində də əlaqələri inkişaf etdirmək və dərinləşdirmək üçün çalışdıqlarını bildirib.

    Türkiyəli nazir deyib ki, ölkəsində səhiyyə sahəsində əldə olunan təcrübəni və elmi bilikləri azərbaycanlı həmkarlarla bölüşmək qardaşlıq borcudur. O, dövlət başçısının dəstəyi ilə Bakıda keçirilən Azərbaycan-Türkiyə Səhiyyə Biznes Forumunun əhəmiyyətindən danışıb.

    Prezident İlham Əliyev Özbəkistanda Türkiyənin dövlət başçısı ilə görüşünü məmnunluqla xatırlayıb, dostluq və qardaşlıq əlaqələrimizin bütün sahələrdə durmadan inkişaf etdiyini vurğulayıb. Dövlət başçısı Şuşa Bəyannaməsinə toxunaraq bunu münasibətlərimizin rəsmi təzahürü kimi qiymətləndirib, bu Bəyannamənin xalqlarımızın iradəsini, dövlətlərimizin maraqlarını əks etdirdiyini deyib.

    Azərbaycan Prezidenti həm müharibə zamanı, həm də müharibədən sonrakı dövrdə Türkiyə həkimləri tərəfindən qazilərimizin müalicəsinə görə minnətdarlığını bildirib.

    Dövlət başçısı Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlığı qeyd edib, bu baxımdan səhiyyə sahəsində də əlaqələrin təqdirəlayiq olduğunu deyib və Azərbaycan-Türkiyə Səhiyyə Biznes Forumunun önəminə toxunub.

     

     



    XƏBƏR LENTİ

    23 Aprel 2024
    22 Aprel 2024
    20 Aprel 2024
    19 Aprel 2024
    18 Aprel 2024
    17 Aprel 2024
    16 Aprel 2024