MN rəhbərliyi Azərbaycan Ordusunun Komando və digər bölmələrinin komandirlərinin məruzələrini dinləyib - FOTO

    ÖLKƏ

    01 Iyun 2023 | 12:25

    2023-cü ilin hazırlıq planına əsasən, Azərbaycan Ordusunun Əməliyyat (Komando), motoatıcı, mexanikləşdirilmiş bölmələrinin komandirləri və onların müavinləri ilə Hərbi İdarəetmə İnstitutunun Hərb Oyunları Mərkəzində keçirilən təlim-metodiki toplanış başa çatıb.

    MN-dən Pressa-ya verilən məlumata görə, müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti iyunun 1-də Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzinə gələrək təlim-metodiki toplanış ilə bağlı rəhbər heyətin məruzələrini dinləyib.
    Bildirilib ki, komandir heyəti ilə müasir döyüşdə taktiki fəaliyyətlərin hazırlanması və aparılması, hərtərəfli təminatın təşkili, müxtəlif ərazi və hava şəraitində bölmələrin və atəşin idarə edilməsi, eləcə də digər mövzularda yeni biliklərin aşılanması məqsədi ilə metodiki məşğələlər keçirilib.
    Təlim metodiki toplanışın gedişatını müsbət qiymətləndirən general-polkovnik Z.Həsənov toplanışın yekununda şəxsi heyət qarşısında çıxış edib.
    Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın suverenliyi, müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olan Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
    Müdafiə naziri Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin mayın 28-də Laçın şəhərinə qayıdan əhali ilə görüşdə çıxışında Qarabağ iqtisadi rayonunda qeyri-qanuni fəaliyyət göstərən, özlərini “parlament”, “prezident”, “nazir”, “deputat” adlandıran ünsürlər barədə səsləndirdiyi fikirləri və onlara tətbiq oluna biləcək amnistiya şərtlərini bir daha toplanış iştirakçılarının diqqətinə çatdırıb.
    Müzəffər Ali Baş Komandanın Qarabağ iqtisadi zonasında təhlükəsizliyin təmin edilməsi ilə bağlı çıxışlarından irəli gələn, Azərbaycan Ordusunun qarşısında duran tapşırıqların qısa zamanda yerinə yetirilməsinin zəruriliyi qeyd edilib.
    Dövlətimizin başçısının Azərbaycan Ordusuna yüksək diqqət və qayğı göstərdiyini vurğulayan müdafiə naziri bildirib ki, ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsi və milli təhlükəsizlik tədbirlərinin daha da artırılması üçün 1 milyard 105 milyon manat, o cümlədən xüsusi müdafiə təyinatlı layihələr və tədbirlər üzrə xərclər üçün 1 milyard manat əlavə edilməsi Orduda aparılan islahatlar çərçivəsində yeni müasir silah və hərbi texnikanın alınmasına imkan verəcəkdir.
    Sonra Azərbaycan-Ermənistan şərti sərhədi və Qarabağ iqtisadi rayonundakı əməliyyat şəraiti təhlil edilib.
    Son vaxtlar Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin hərbi daşımaları həyata keçirməsi, bölmələrimizin mövqelərinin qarşısında uzunmüddətli fortifikasiya qurğularını quraşdırmağa cəhd göstərməsi, eləcə də Ağdam, Tərtər və digər rayonlar istiqamətlərində Ordumuzun mövqelərini atəşə tutması nəticəsində yarana biləcək gərginlik xüsusi vurğulanıb.
    Müdafiə naziri qeyri-qanuni erməni silahlı birləşmələrinin fəaliyyətlərinin fasiləsiz müşahidəsinin bundan sonra da davam etdirilməsi, eləcə də törədilə biləcək istənilən təxribatın qarşısının dərhal və qətiyyətlə alınmasına daim hazır olmaq barədə konkret tapşırıqlar verib.
    Nazir, həmçinin hərbi qulluqçuların bilik və bacarıqlarının artırılması, bölmələrin döyüş qabiliyyətinin daha da yüksəldilməsi məqsədilə keçirilən döyüş hazırlığı tədbirlərində müasir döyüş üsulları, arsenala yeni daxil edilən silah və hərbi texnikanın effektiv tətbiqi qaydalarının şəxsi heyətə öyrədilməsinin vacibliyini vurğulayıb.
    General-polkovnik Z. Həsənov xidməti-döyüş fəaliyyəti zamanı təhlükəsizlik qaydalarına ciddi əməl edilməsini, bu qaydaların müntəzəm olaraq şəxsi heyətə çatdırılmasını, həmçinin onlara riayət olunmasına daim nəzarət edilməsini tapşırıb.
    Sonda qoşun xidmətinin təşkili, xidməti və sosial-məişət şəraitinin daha da yaxşılaşdırılması, həmçinin mühəndis və tibbi təminat üzrə zəruri tədbirlərin davam etdirilməsi ilə əlaqədar vəzifəli şəxslər qarşısında konkret tapşırıqlar qoyulub.

       



      XƏBƏR LENTİ

      18 Mart 2024
      17 Mart 2024
      16 Mart 2024
      15 Mart 2024
      14 Mart 2024
      13 Mart 2024
      12 Mart 2024
      11 Mart 2024