Mərkəzi Gömrük Hospitalında master klass keçirilib

    SON XƏBƏRLƏR

    21 Sentyabr 2022 | 15:18

    20 sentyabr 2022-ci il tarixində Mərkəzi Gömrük Hospitalında Azərbaycana ilk dəfə məhz bu tədbir üçün gətirilmiş  süni döyünən ürək modeli üzərində “Abbott” şirkəti ilə əməkdaşlıq çərçivəsində “Transkateter TAVİ Klapan Navitor” cihazının süni döyünən ürək modelindən istifadə edilməklə işləmə prosedurunu nümayiş etditən master klass tədbiri keçirilib. 

    Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəisi Ceyhun Məmmədovun salamlarını tədbir iştirakçılarına çatdıran Tibbi Xidmət İdarəsinin rəis müavini t.ü.f.d., dosent İsmayıl Əfəndiyev “Abbott” şirkəti ilə əməkdaşlıq çərçivəsində Mərkəzi Gömrük Hospitalında silsilə tədbirlərin keçirilməsindən şad olduğunu bildirib. Bu istiqamətdə Azərbaycana ilk dəfə  süni döyünən ürək modeli üzərində transkateter TAVİ klapan navitor cihazının test edilməsi və “Klapan və çatdırılma sistemi üzrə baza məzmunlu məlumat”  mövzusunda mühazirənin təşkilinə görə  rəis müavini  İsmayıl Əfəndiyev “Abbott” şirkətinin nümayəndələrinə təşəkkürünü bildirib və qeyd edib ki, Mərkəzi Gömrük Hospitalının Kardiologiya şöbəsində  ürək üzərində TAVİ əməliyyatları uğurla icra olunur. 

    Daha sonra “Abbott” şirkətinin Kardiocərrahiyyə şöbəsinin terapiya üzrə mütəxəssisi Aleksandr Sobolyev tədbir iştirakçılarına süni döyünən ürək modelində transkateter TAVİ klapan navitor cihazının işləmə prosesini test olaraq nümayiş etdirib. Mərkəzi Gömrük Hospitalının invaziv kardioloqları  ürək simulyatoru üzərində test ediblər. Mütəxəssis Aleksandr Sobolyev master klass prosesində Mərkəzi Gömrük Hospitalının Kardiologiya şöbəsinin rəisi İlqar Tahiroğlunun, kardio-cərrah Kənan Əsədovun,  invaziv kardioloqlar Samir Mustafayevin, Emin Hacıbalayevin, Şəhla Ağayevanın, digər mütəxəssislərin və həkim-rezidentlərinin suallarını cavablandırıb.
    Tədbirin ikinci hissəsində Rusiya və MDB ölkələri üzrə TAVİ Terapiyanın İnkişafı meneceri İsmail Evren Altuntop “Navitor və FlexNav” yeni TAVI həllər mövzusunda təqdimatla çıxış edib. İsmail Evren öz məruzəsizdə  klapan və çatdırılma sistemi üzrə baza məzmunlu məlumat,  pasiyentlərin seçilməsi,  prosedurun gedişatı, alətlərlə müşayiəti  və digər məsələlərə toxunub. Təqdimat zamanı xarici ölkələrdə həyata keçirilmiş TAVİ əməliyyatlarından videosüjetlər nümayiş edilib. Mühazirənin sonunda süni döyünən ürək modelindən istifadə edilməklə praktiki məşğələ aparılıb.

    Xatırladaq ki, 29 iyun 2022-ci il tarixində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsi və Abbott arasında Anlaşma Memorandumunun imzalanma mərasimi keçirilib. Sənədi Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəisi Ceyhun Məmmədov və Abbott şirkətinin İnkişaf etməkdə olan bazarlar üzrə Ürəyin struktur xəstəlikləri bölməsinin Baş direktoru Şarbel Muavad imzalayıblar.
     



    XƏBƏR LENTİ

    30 Sentyabr 2022
    29 Sentyabr 2022