Kəlbəcərdə saxlanılan erməni diversantın məhkəməsi başlayıb, baxış iclası təyin olunub

    HADİSƏ

    04 Dekabr 2023 | 11:21

    Kəlbəcərdə saxlanılan erməni diversant Voskanyan Qaqik Aşotinin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

    Prokuror ittiham aktının qanuna uyğun qaydada tərtib edildiyini, həmçinin seçilmiş qətimkan tədbirinin dəyişdirilməsi üçün əsaslar olmadığını deyərək işin məhkəmə baxışına verilməsini tələb edib.

    Voskanyan Qaqik Aşotinin və vəkili Dilsuz Məmmədov hazırkı mərhələdə vəsatətlərinin olmadığını deyərək, işin baxışa verilməsinə etiraz etməyiblər.

    “Mən verilən tapşırıqları yerinə yetirmişəm. Mənə yazığınız gəlsin”,-V.Q.Aşotin deyib. Məhkəmənin qərarına əsasən iş baxışa verilib. Cinayət işi Sabunçu Rayon Məhkəməsinin inzibati binasında eyni hakimlər araşdıracaq. İlk baxış iclası dekabrın 10-a təyin edilib.

    Xatırladaq ki, bu ilin avqustunda Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-diversiya qrupu terror-təxribat əməliyyatları həyata keçirmək məqsədilə Ordumuzun Kəlbəcər rayonu İstisu yaşayış məntəqəsi istiqamətində yerləşən döyüş mövqelərinin arasındakı boşluqlardan istifadə edərək Azərbaycan ərazisinə sızmağa cəhd edib. Bölmələrimizin sayıqlığı nəticəsində atəş vasitələrimizin dəstəyi ilə erməni hərbçilərin təxribatının qarşısı alınıb. Diversiya qrupunun bir üzvü yaralanmış vəziyyətdə hərbi qulluqçularımız tərəfindən saxlanılıb. Qrupun digər üzvləri geri çəkilməyə məcbur edilib.

    Qeyd olunan qanunsuz əməllərin qarşısı alınan zaman saxlanılmış Ermənistan silahlı birləşmələrinin üzvü Voskanyan Qaqik Aşoti Cinayət Məcəlləsinin 206.3.2 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən odlu silah və döyüş sursatının qaçaqmalçılığı), 214.2.1, 214.2.3 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən odlu silahdan istifadə etməklə terrorçuluq), 228.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq odlu silah əldə etmə, daşıma, saxlama), 283.2.1 (zor tətbiq etməklə milli düşmənçiliyin salınmasına aşkar surətdə yönələn hərəkətlər etmə) və 318.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən zor tətbiq etməklə Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.



    XƏBƏR LENTİ

    28 Fevral 2024
    27 Fevral 2024
    26 Fevral 2024
    24 Fevral 2024
    23 Fevral 2024
    22 Fevral 2024
    21 Fevral 2024
    20 Fevral 2024