İqtisadçı: Pensiyalardakı artım müsbət bir haldır, lakin...

    İQTİSADİYYAT

    30 Sentyabr 2022 | 01:09

    Xəbər verdiyimiz kimi, Milli Məclisin Əmək və sosial siyasət komitəsində “Əmək pensiyaları haqqında” Qanuna təklif edilən düzəlişləri müzakirə edilib. Yeni təkliflər iki mühüm istiqaməti əhatə edir: maddi yardımların pensiyaların tərkibinə daxil edilməsi və qulluq əlavəsi alan şəxslərin pensiyasının gələn ilin yanvarın 1-dən indeksasiya olunmasıdır.

    Mövzunu şərh edən iqtisadçı-ekspert Rəşad Hüseyn Pressa-ya açıqlamasında bildirib ki, əmək pensiyaları haqqında qanunda dəyişiklik edilərsə, maddi yardımların və qulluq əlavəsi alan şəxslərin pensiyalarında artım gözlənilir. Belə ki, əmək pensiyaları hesablanarkən maddi yardım da alınan pensiya məbləğinin üzərinə cəmlənərək orta illik əmək haqqında artım faizinə nisbətdə indeksiyalaşdırılacaq. 

    Onun sözlərinə görə, 7 ayın açıqlanmış nəticələrinə görə, orta aylıq əmək haqqı artımı 14,1% olub. Bu, Dövlət Statisitika Komitəsinin yaydığı məlumatda yer alıb. İlin sonuna qədər orta illik əmək haqqı məbləğində artım olarsa, bu, əmək pensiyalarının hesablanmasına müsbət təsir göstərəcək. Belə ki, qanuna təklik edilən qaydalar təsdiqlənərsə, 2022-ci ildə əmək pensiyaları təxminən aşağıdakı kimi olacaq:

    - 300 AZN pensiya alan şəxs üçün – 364,15 AZN

    - 500 AZN pensiya alan şəxs üçün – 594,09 AZN

    - 800 AZN pensiya alan şəxs üçün – 939,09 AZN olacağı gözlənilir.

    İqtisadçı qeyd edib ki, bu artım özlüyündə müsbət haldır. Lakin ölkədə olan makroiqtisadi vəziyyətə baxdıqda demək olar ki, yaranmış vəziyyət qiymət artımı ilə müqayisədə aşağı nəticədir. İstər əmək haqqı, istərsə də pensiyalarda artımlar dövriyyədə pul kütləsinin çoxalması səbəbindən qiymət artımı ilə müşahidə olunacaq.

    O vurğulayıb ki, əsas səbəb daxili tələbatı ödəyən məhsulların böyük bir hissəsinin idxaldan asıllığı, həmçinin Ukrayna-Rusiya arasında baş verən müharibə, o cümlədən bu müharibə fonunda Avropada istehsal edilən mal və xidmətlərin dəyərinin yüksəlməsidir. Bununla yanaşı, daxildə rəqabətlilik səviyyəsinin aşağı səviyyədə olmasıdır. 

    "Dünyada baş vermiş qlobal proseslərin dünyanın bir parçası olan Azərbaycana da təsir etməsi qaçılmazdır. Lakin əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində bir sıra mühüm addımlar atmaq mümkündür ki, qiymət artımının qismən qarşısına keçmək mümkün olsun. 

    2022-ci ilin 8 ayı üzrə idxal edilmiş malların dəyəri 15 milyarddan artıq olub. Göründüyü kimi, idxaldan aşırı dərəcədə asılıyıq və bunun mümkün qədər minimuma endirilməsi lazımdır" - o bildirib.

    Müsahib onu da deyib ki, istənilən halda yeni əmək pensiyalarına dəyişikliyi (qəbul edilərsə) əhalinin sosial vəziyyətinin yaxşılaşıdırlması istiqamətində müsbət hal kimi qiymətləndirmək lazımdır. Lakin yuxarıda qeyd edilənləri həll etmədən dəyişikliyin effekti o qədər də hiss edilməyəcək.



    XƏBƏR LENTİ

    23 Aprel 2024
    22 Aprel 2024
    20 Aprel 2024
    19 Aprel 2024
    18 Aprel 2024
    17 Aprel 2024
    16 Aprel 2024
    15 Aprel 2024