I Qarabağ müharibəsi iştirakçılarına birdəfəlik ödəmələrin təyinatı qaydası müəyyənləşib

    ÖLKƏ

    02 Avqust 2022 | 10:54

    I Qarabağ müharibəsi iştirakçılarına birdəfəlik ödəmələrin təyin edilməsi qaydası müəyyənləşib.

    Pressa xəbər verir ki, bu, Baş nazir Əli Əsədovun bu gün imzaladığı “1997-ci il avqustun 2-dək olan xidmət dövründə Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar hərbi xidmət vəzifələrini (xidməti vəzifələrini) yerinə yetirərkən və ya həqiqi hərbi xidmət dövründə xəsarət (yaralanma, travma, kontuziya) alması və ya xəstələnməsi nəticəsində əlilliyi müəyyən edilmiş hərbi qulluqçulara, daxili işlər orqanlarının əməkdaşlarına və ya onların vərəsələrinə birdəfəlik ödəmənin verilməsi Qaydası”nda əksini tapıb.Qərara əsasən, birdəfəlik ödəmə Fond tərəfindən proaktiv qaydada (müraciət edilmədən), yaxud onu almaq hüququ olan şəxslərin müraciəti əsasında təyin edilir.

    Bu Qaydada nəzərdə tutulan şəxslərə birdəfəlik ödəmənin proaktiv qaydada təyin edilməsi üçün aşağıdakılar tələb olunur:

    -hərbi-həkim komissiyasının (həkim-uçuş komissiyasının) xəstəlik haqqında şəhadətnaməsinin, qərarının və ya arayışının MEİS-in “Hərbi-həkim ekspertizası və tibbi şəhadətləndirilmə” altsistemində olması;
    -əlilliyinin müəyyən edilməsinə dair qərarın MEİS-də olması;
    -şəxsin adının “Azərsığorta” Açıq Səhmdar Cəmiyyətinin Fərmanın 9-cu hissəsinə uyğun olaraq təqdim etdiyi siyahıda olmaması.

    Birdəfəlik ödəmə almaq hüququ olan şəxsə proaktiv təyinat aparıldığı gün onun əlaqə vasitələrindən (mobil telefonuna və ya elektron poçt ünvanına) birinə və ya poçt vasitəsilə bu barədə məlumat göndərilir.

    Ədliyyə Nazirliyinin təqdim etdiyi siyahıda qeyd olunan, barəsində sığorta ödənişinin verilməsinə dair qanuni qüvvəyə minmiş məhkəmə qərarı olan hərbi qulluqçulara və daxili işlər orqanları əməkdaşlarına da sığorta ödənişi proaktiv təyin edilir və bu Qaydaya uyğun olaraq bu barədə onlara məlumat verilir.

    Proaktiv qaydada təyinat aparılması mümkün olmayan hallarda, habelə bu Qaydada nəzərdə tutulan şəxslərə münasibətdə birdəfəlik ödəmə tələb olunan sənədlər əlavə edilməklə birdəfəlik ödəmə almaq hüququ olan şəxsin istənilən Bölməyə və ya Mərkəzə birbaşa və ya poçt vasitəsilə və ya elektron qaydada şəxsən və ya nümayəndə vasitəsilə yazılı müraciəti əsasında Fond tərəfindən təyin edilir.

    Birdəfəlik ödəmənin verilməsi üçün ərizə ilə birlikdə aşağıdakı sənədlər təqdim edilməlidir:
    -müraciət edən şəxsin şəxsiyyət vəsiqəsi;
    -ərizə nümayəndə vasitəsilə təqdim edildikdə nümayəndənin səlahiyyətlərini təsdiq edən sənəd və onun şəxsiyyət vəsiqəsi;
    -tibbi sənədlər (hərbi-həkim komissiyasının (həkim-uçuş komissiyasının) xəstəlik haqqında şəhadətnaməsi, qərarı və ya arayışı);
    -əlilliyin bu Qaydanın 1.2.1-ci və ya 1.2.2-ci yarımbəndlərində qeyd olunan səbəblərdən müəyyən edilməsinə dair tibbi-sosial ekspertiza müayinəsinin nəticəsindən çıxarış.

    Sığorta ödənişinin verilməsinə dair qanuni qüvvəyə minmiş məhkəmə qərarı əsasında müraciət edildikdə, bu Qaydada qeyd olunanlardan əlavə sığorta ödənişinin verilməsinə dair qanuni qüvvəyə minmiş məhkəmə qərarı da təqdim edilir.

    Birdəfəlik ödəmə almaq hüququ olan hərbi qulluqçunun və ya daxili işlər orqanları əməkdaşlarının vərəsələri bu Qaydanın 2.6-cı və 2.7-ci bəndləri nəzərə alınmaqla, əlavə olaraq aşağıdakı sənədləri də təqdim etməlidirlər:

    -birdəfəlik ödəmə almaq hüququ olan hərbi qulluqçunun və ya daxili işlər orqanı əməkdaşının ölüm haqqında şəhadətnaməsi;
    -vərəsəlik hüququ haqqında şəhadətnamə.

    “İnzibati icraat haqqında” qanuna əsasən aidiyyəti dövlət orqanlarının (qurumlarının) informasiya sistemlərindən və ya ehtiyatlarından bu Qaydanın 2.6-2.8-ci bəndlərində qeyd olunan sənədlərdəki məlumatları əldə etmək mümkün olduqda, həmin sənədlərin təqdim edilməsi tələb olunmur.

    Yazılı və ya elektron müraciət əsasında təyinat aparılması üçün Bölməyə və ya Mərkəzə daxil olan (təqdim edilən) sənədlərin tamlığı və düzgünlüyü yoxlanılır. Təqdim edilmiş sənədlərdə hər hansı çatışmazlıq aşkar olunmadıqda, müraciət edən şəxs bu Qaydada nəzərdə tutulmuş qaydada məlumatlandırılmaqla ərizə qeydiyyata alınır. Təqdim edilmiş sənədlərdə çatışmazlıqlar aşkar olunduqda, müraciət edən şəxsə həmin çatışmazlıqların 10 (on) iş günü müddətində aradan qaldırılması barədə dərhal, müraciət poçt vasitəsilə edildikdə isə bu Qaydada nəzərdə tutulmuş qaydada ən geci 3 (üç) iş günü müddətində məlumat verilir və bu zaman nəzərdə tutulmuş müddətin axımı dayandırılır.

    Ərizənin qeydiyyata alındığı gündən 20 (iyirmi) iş günü müddətində Bölmə və ya Mərkəz tərəfindən birdəfəlik ödəmənin verilməsi və ya verilməsindən imtina olunmasına dair (səbəbi göstərilməklə) Fond tərəfindən müvafiq qərar qəbul edilir və bu Qaydanın 2.3-cü bəndində nəzərdə tutulmuş qaydada 3 (üç) iş günü müddətində müraciət edən şəxsə bu barədə məlumat (birdəfəlik ödəmənin verilməsindən imtina ilə bağlı məlumata münasibətdə imtina səbəbi göstərilməklə) verilir.

    Birdəfəlik ödəmənin verilməsindən bu Qayda nəzərə alınmaqla aşağıdakı hallarda imtina edilir:

    -müraciət edən şəxsin bu Qaydanın 1.2-ci bəndinə əsasən birdəfəlik ödəməni almaq hüququ olmadıqda;
    -müraciət edən şəxs bu Qayda nəzərdə tutulan məbləğlərdə sığorta ödənişi aldıqda;
    -müraciət edən şəxs qanuni qüvvəyə minmiş məhkəmə qərarı əsasında bu Qaydada nəzərdə tutulan məbləğlərdə sığorta ödənişi aldıqda;
    -təqdim edilmiş sənədlərdə aşkar olunmuş çatışmazlıqlar bu Qaydanın 2.10-cu bəndində nəzərdə tutulan müddətdə aradan qaldırılmadıqda.

    Qeyd edilən imtina halları “Azərsığorta” Açıq Səhmdar Cəmiyyətinin sığorta ödənişinin ödənilməsinə dair ödəniş sənədi (qaimə, qəbz və s.) barədə məlumatları əsasında müəyyən edilir.

    Sığorta ödənişinin verilməsinə dair qanuni qüvvəyə minmiş məhkəmə qərarında qeyd edilən əlillik dərəcəsinə uyğun olaraq, bu Qayda ilə nəzərdə tutulan məbləğlərdə sığorta ödənişi təyin edilir.

    Bu Qaydada nəzərdə tutulmuş halda birdəfəlik ödəmənin verilməsindən imtina edildikdə, həmin şəxs imtinaya səbəb olan hallar aradan qaldırıldıqdan sonra birdəfəlik ödəməni almaq üçün təkrar müraciət etmək hüququna malikdir.

    Müraciət edən şəxsin birdəfəlik ödəmənin verilməsindən imtina barədə qərardan inzibati qaydada və məhkəməyə şikayət etmək hüququ vardır.



    XƏBƏR LENTİ

    15 Avqust 2022
    14 Avqust 2022
    11 Avqust 2022
    10 Avqust 2022
    09 Avqust 2022
    08 Avqust 2022
    05 Avqust 2022
    04 Avqust 2022
    03 Avqust 2022
    02 Avqust 2022
    01 Avqust 2022
    30 Iyul 2022
    29 Iyul 2022
    28 Iyul 2022
    27 Iyul 2022
    26 Iyul 2022
    25 Iyul 2022
    23 Iyul 2022