Əmlakın, avtomobillərin alqı-satqısı və ipoteka qoyulması proseduru elektronlaşdırılır

    İQTİSADİYYAT

    30 Sentyabr 2022 | 15:32

    Əmlakın özgəninkiləşdirilməsi və ipoteka qoyulması haqqında müqavilələrin təsdiq edilməsi elektronlaşdırılır

    Pressa-nın xəbərinə görə, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Notariat haqqında” qanuna təklif olunan dəyişiklikdə əksini tapıb.

    Layihəyə əsasən, qanunda “Əmlakın özgəninkiləşdirilməsi və girov qoyulması haqqında əqdlərin təsdiq olunması” adlanan 46-cı maddənin adının dəyişdirilərək “Əmlakın özgəninkiləşdirilməsi və ipoteka qoyulması haqqında müqavilələrin təsdiq edilməsi” adlandırılması təklif edilir.

    Layihəyə görə, dövlət qeydiyyatından keçməli olan əmlakın özgəninkiləşdirilməsi və ya ipoteka qoyulması haqqında müqavilələr özgəninkiləşdirilən və ya ipoteka qoyulan əmlaka mülkiyyət hüququnu təsdiq edən, avtonəqliyyat vasitələri üzrə, həmçinin onların müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) verdiyi müayinədən keçməsi barədə sənədlər və ya sənədlər haqqında elektron informasiya sistemindən real vaxt rejimində əldə edilmiş məlumatlar əsasında təsdiq ediləcək. Ər-arvaddan birinin ümumi mülkiyyətdə olan daşınmaz əmlak üzərində sərəncam vermək barədə notariat qaydasında təsdiq edilən və (və ya) qeydiyyata alınan müqavilələrin bağlaması üçün digər tərəfin notariat qaydasında təsdiq edilmiş razılığı tələb olunacaq.

    Daşınmaz əmlak barəsində notariat hərəkətlərinin aparılması ilə bağlı daşınmaz əmlaka dair dövlət reyestrindən çıxarış, həmin əmlakın təsviri, bu əmlak üzərində qeydiyyata alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindəki məlumatlar notarius və ya qanunla müəyyən edilmiş hallarda notariat hərəkəti etməyə hüququ olan digər vəzifəli şəxslər tərəfindən dövlət reyestrindən Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə real vaxt rejimində əldə ediləcək. Həmin sənəd və məlumatlar notarius və ya notariat hərəkəti etməyə hüququ olan digər vəzifəli şəxslərin istifadə etdiyi müvafiq informasiya sistemində elektron formada avtomatlaşdırılmış qaydada əks olunacaq.

    Əmlak üzərində qadağa olduqda əmlakın özgəninkiləşdirilməsi haqqında müqavilə yalnız borcun əmlakı əldə edənin adına keçirilməsinə dair kreditorun və əldə edənin razılığı olduqda təsdiq edilə biləcək.

    Qeydiyyatdan keçməli olan əmlakın özgəninkiləşdirilməsi ilə bağlı beh müqaviləsi təsdiq edilərkən razılıq tələb olunacaq.

    Daşınmaz əmlaka sərəncam verilməsi barədə müqavilələrin təsdiq edilməsi, daşınmaz əmlak barəsində digər notariat hərəkətlərinin aparılması və əmlak hüquqlarının dövlət qeydiyyatı “bir pəncərə” prinsipi əsasında bu Qanunda və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanunda nəzərdə tutulmuş qaydada həyata keçiriləcək. Notarius belə müqavilələri pul məbləği bankda açılmış depozit hesabına ödənildikdə təsdiq edəcək. Daşınmaz əmlak barəsində sərəncam verilməsi ilə bağlı müqavilənin rəsmiləşdirilməsi və hüquqların dövlət qeydiyyatı ilə bağlı müqavilə üzrə tərəflərin qanunvericiliklə müəyyən edilən xərcləri notariusun ödəniş tapşırığında təyinatı göstərilməklə, bankda açdığı depozit hesabından eyni vaxtda ödəniləcək.

    Qeyd edək ki, qüvvədə olan qanuna əsasən, qeydiyyatdan keçməli olan əmlakın özgəninkiləşdirilməsi və girov qoyulması haqqında əqdlər özgəninkiləşdirilən və ya girov qoyulan əmlaka mülkiyyət hüququnu təsdiq edən sənədlər, avtonəqliyyat vasitələri üzrə həmçinin onların müvafiq icra hakimiyyəti orqanı tərəfindən müayinədən keçməsi barədə arayış təqdim olunduqdan sonra təsdiq edilir.

    Ər-arvaddan birinin daşınmaz əmlak üzərində sərəncam vermək barədə notariat qaydasında təsdiq edilən və (və ya) qeydiyyata alınan əqdlər bağlaması üçün digər tərəfin notariat qaydasında təsdiq edilmiş razılığı lazımdır.

    Yaşayış evinin, mənzilin, bağın, bağ evinin, qarajın, torpaq sahəsinin, digər daşınmaz əmlakın özgəninkiləşdirilməsi və ya girov qoyulması haqqında əqdlər təsdiq olunarkən əmlakın özgəninkiləşdirilməsinə qadağanın olub-olmamağı və ya əmlaka həbs qoyulub-qoyulmaması yoxlanılır.

    Qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul edilib.

     



    XƏBƏR LENTİ

    27 Noyabr 2022
    26 Noyabr 2022
    25 Noyabr 2022
    24 Noyabr 2022
    23 Noyabr 2022