İqtisadçı ekspert: Prezidentin yeni fərmanı ölkədə investisiya mühitinin cəlbediciliyini daha da artıracaq

    İQTİSADİYYAT

    28 Iyul 2022 | 15:45

    Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev “İnvestisiya fəaliyyəti haqqında” qanunun tətbiqi barədə fərman imzalayıb. Fərmana əsasən, investisiya fəaliyyəti sahəsində dövlət siyasətinin əsas məqsədi yerli və xarici investisiyalar hesabına dayanıqlı iqtisadi inkişafın təmin edilməsindən, rəqabətqabiliyyətli istehsal və xidmət sahələrinin inkişaf etdirilməsindən, iqtisadiyyatda yeni texnologiyaların, innovasiyaların tətbiq olunmasından ibarətdir. Bu fərmanın əhəmiyyəti nədən ibarətdir? 

    Mövzuyla bağlı iqtisadçı ekspert Rəşad Hüseyn Pressa-ya açıqlamasında bildirib ki, ölkədə investisiya mühitinin cəlbediciliyinin daha da artırılması üçün "İnvestisiya fəaliyyəti haqqında" qanunun tətbiqi barədə fərman olduqca mühüm əhəmiyyət kəsb edir.

    Onun sözlərinə görə, fərmanda investisiya mühitinin yaxşılaşdırılması, investorların qanuni maraqlarının dövlət tərəfindən qorunması o cümlədən investorlara bərabər imkanların yaradılması azad rəqabəti stimullaşdırmaqla yanaşı, ölkəyə xüsusilə qeyri-neft sektoruna investisiya axının gücləndirəcək.

    "Fərmanda fəaliyyətini həyata keçirmək üçün investorlara göstərilən xidmətlərin rəqəmsallaşdırılması və birpəncərə prinsipinin tətbiq olunması xüsusi əhəmiyyət daşıyır. Rəqəmsallaşdırma və birpəncərə prinsipinin tətbiq edilməsi bürokratik əngəllərin aradan qaldırılması üçün çox vacib addımdır. Bu xidmət əsasında məmur və investor təması minimuma enəcək ki, bu da öz növbəsində investorların iqtisadiyyatın ayrı-ayrı sektorlarına investisiya imkanlarını stimullaşdıracaq" - iqtisadçı vurğulayıb.

    Rəşad Hüseyn onu da bildirib ki, son vaxtlar dünyada baş verən proseslər, o cümlədən koronavirus pandemiyasının yaratdığı fəsadlar dünyada enerji daşıyıcıları və ərzağın qiymətlərində durmadan artıma səbəb olub:

    "Özündə azad rəqabətliliyi, iqtisadi dayanıqlığı, əlverişli investisiya mühitinin yaradılmasını əks etdirən yeni fərman investisiya yatırımlarının nəticəsi olaraq iqtisadiyyatın ayrı-ayrı sektorların istehsal edilən mal və xidmətlər bolluğu yaradacaq ki, bu da ğz növbəsində qiymət artımını önləmiş olacaq. Həmçinin fərman işğaldan azad edilmiş torpaqlara investisiya cəlb edilməsi üçün xüsusi əhəmiyyət kəsb edir".

    Ekspert vurğulayıb ki, xarici və yerli investisiya hesabına daha ucuz mal və xidmətlər istehsal edilməklə yanaşı, eyni zamanda yeni iş yerlərinin yaranmasına səbəb olacaq. Bu da öz növbəsində azad edilmiş ərazilərə köçürülmüş əhalinin məşğulluğunun təmin edilməsi üçün mühüm əhəmiyyət daşıyır.



    XƏBƏR LENTİ

    25 Sentyabr 2023
    23 Sentyabr 2023
    22 Sentyabr 2023
    21 Sentyabr 2023
    20 Sentyabr 2023
    19 Sentyabr 2023