Deputat: IX Qlobal Bakı Forumunun regional əhəmiyyəti əvəzsizdir

    SİYASƏT

    20 Iyun 2022 | 13:37

    "Bakıda ötən həftə baş tutan IX Qlobal Bakı Forumu əhəmiyyətinə görə regionun ən böyük və qlobal tədbirlərindən biri hesab olunur. Bu il Foruma 50 ölkədən yüksək səviyyəli nümayəndənin iştirakı da belə deməyə əsas verir. Bu göstəricinin ötən illə müqayisədə xeyli çox olması isə Azərbaycanın qlobal siyasi-iqtisadi, enerji müstəvisində rolunun artdığına işarədir. Həmçinin artan maraq müzakirələrin cəlbediciliyini, bu platformaya ehtiyacın olduğunu nümayiş etdirir".

    Bu fikirləri Pressa-ya açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov deyib.

    Onun sözlərinə görə, IX Qlobal Bakı Forumu qlobal arenada ən vacib məsələlərlə bağlı çox açıq və səmimi müzakirələrlə yadda qaldı. Müzakirələr, fikir mübadilələri qlobal gündəlikdə yer alan məsələlərin həllində yeni yanaşmaların işlənib hazırlanmasına kömək etdi. Təsadüfi deyil ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi qlobal məsələləri müzakirə edən və geniş beynəlxalq birliyi öz sıralarına qata bilən aparıcı beynəlxalq institutlardan birinə çevrilib. Bu isə bir daha Azərbaycanın dünya üçün cəlbedici olduğunu nümayiş etdirir. Bu platformaya ehtiyacın olduğu görünür və qlobal miqyasda baş verən hadisələrə çox mühüm praktiki təsiri var. 

    Deputat onu da vurğuladı ki, yeni yanaşmalara gəlincə, dünyada baş verən dəyişikliklər fundamentaldır və hələlik proqnozlaşdırılması mümkün olmayan fəsadlarla müşayiət olunur. Artıq dünyanın fərli məcrəda inkişaf etdiyi görünür. Buna görə də müzakirələr, fikir mübadilələri, bəzən fərqli fikirlərin ziddiyyətləri yeni yanaşmaların işlənib hazırlanmasını vacib edir. Çünki təhlükəsizlik məsələləri beynəlxalq arenada, beynəlxalq gündəlikdə duran əsas məsələlərdən birinə çevrilib. Bu baxımdan Qlobal Bakı Forumu mükəmməl platforma olaraq çıxış edir.

    A.Hüseynov qeyd etdi ki, forum müxtəlif tərəflərin fikirlərini toplayan inklüziv bir tədbirdir. Eyni zamanda, gündəlikdə duran məsələlərdən biri beynəlxalq institutların, aparıcı maliyyə institutlarının ərzaq böhranı ilə mübarizədə rolunun nədən ibarət olması məsələsi idi. Yaşananların fonunda beynəlxalq təşkilatlar və aparıcı ölkələr ilk növbədə miqrantların potensial artımı ilə bağlı vəziyyətin öhdəsindən gəlməlidirlər. Bu, ərzaq böhranı nəticəsində qaçılmaz prosesdir. Enerji bazarlarındakı vəziyyəti buraya əlavə etsək, dediklərimizi proqnozlaşdırmaq çətindir.

    O bildirdi ki, yaranan vəziyyət istehsalçılar və istehlakçılar arasında qeyri-bərabərsizliyə yol açır və bu, ilk növbədə istehsalçılar üçün riskdir:

    "Bütün sadalananlar fonunda Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, ilk növbədə ölkənin təhlükəsizliyi üzərində ciddi işlər gedir. Qarabağ münaqişəsinin həlli regionda təhlükəsizlik üçün, regionda sülh üçün bir fürsətdir. Azərbaycan müharibədə qalib gəldi, müharibə ədalətli idi, müharibə qaçılmaz idi və ədalətin, beynəlxalq hüququn və Azərbaycan xalqının milli ləyaqətinin bərqərar olunması ilə nəticələndi. İndi biz sülh haqqında danışırıq. Buna görə Azərbaycan  Ermənistana sülh razılaşması üzərində çalışmağa başlamağı təklif edir. İki ölkənin sərhədlərinə və ərazi bütövlüyünə qarşılıqlı hörmət etmək və tanımaq, indi və gələcəkdə hər hansı bir ərazı iddialarından qarşılıqlı şəkildə çəkinmək prinsipi də daxil olmaqla, beynəlxalq hüququn beş əsas prinsipini və təklifimizin əsasını təşkil edən başqa prinsiplər də irəli sürüldü. Gəl ki, Ermənistan bu təklifləri qəbul etsə də, əməli fəaliyyətə başlamayıb. Düşünürəm ki, ölkə başçısının da qeyd etdiyi kimi, IX Qlobal Bakı Forumu Azərbaycanın bütün sahələrdə mövqeyinin möhkəmləndirilməsinə əvəzsiz töhvəsini verəcək" - Aydın Hüseynov vurğuladı.



    XƏBƏR LENTİ

    27 Mart 2024
    26 Mart 2024
    25 Mart 2024
    23 Mart 2024
    22 Mart 2024
    21 Mart 2024
    20 Mart 2024
    19 Mart 2024