Deputat: Azərbaycan-Qazaxıstan ticarət əlaqələri strateji xarakter daşıyır

    SİYASƏT

    08 Avqust 2022 | 21:09

    "Azərbaycan və Qazaxıstan arasında ticarət əlaqələri strateji xarakter daşıyır. İki ölkə arasında əməkdaşlığın qurulmasında və inkişafında ümummilli lider Heydər Əliyev və Qazaxıstan xalqının lideri Nursultan Nazarbayevin müstəsna xidmətləri olub. Ulu öndərin siyasi kursu bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir, iki ölkə arasında xüsusi ilə ticarət münasibətləri getdikcə genişləndirilir".

    Bunu Pressa-ya açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov deyib.

    Onun sözlərinə görə, Azərbaycan və Qazaxıstan arasında ticarət əlaqələri 1995-ci ildə qurulub. Hazırda ölkədə sənaye, kənd təsərrüfatı, ticarət, xidmət, tikinti, nəqliyyat sektorlarını əhatə edən 165 Qazaxıstan investisiyalı şirkət qeydiyyata alınıb. Ümumilikdə indiyə qədər Qazaxıstandan Azərbaycana qeyri-neft sektoru üzrə 98,8 mln. ABŞ dolları, Azərbaycandan Qazaxıstana isə 204,3 mln. ABŞ dolları investisiya yatırılıb. 

    Deputat qeyd edib ki, hesablamalara görə, 2021-ci ildə Azərbaycanla Qazaxıstan arasında ticarət dövriyyəsi 330 milyon dollardan artıq olub. Bu il dövriyyənin yarım milyard dollara çatdırılması hədəflənir:

    "Bu gün Azərbaycan Qazaxıstana əsasən, xam neft, təbii qaz, neft məhsulları, meyvə və tərəvəz, plastiklər, pambıq lifi, qızıl, alüminium və ondan məmulatlar, azot gübrəsi, qara metal və ondan məmulat, metanol, elektrik enerjisi, qatran yağları, pambıq iplik, mis və ondan məmulatlar, avadanlıq, mexaniki qurğu, hissələri, bitki və heyvan mənşəli yağlar, şəkər, meyvə-tərəvəz emalı məhsulları, mis filizi konsentratları, sement və klinker, etilen, propilen, butilen və butadien qazları, qablaşdırma kisə və paketləri ixrac edir". 

    Müsahib vurğulayıb ki, bu gün Qazaxıstandan ölkəmizə neft və neft məhsulları, qiymətli metallar və onlardan məmulatlar, qara metallar, filiz, şlak və küllər, mis və ondan məmulatlar, qeyri-üzvi kimya məhsulları, dənli bitkilər, duz, kükürd, torpaq və daş, sink və ondan məmulatlar idxal olunur. İkitərəfli ticarət əlaqələrinin inkişafında isə 16 sentyabr 1996-cı ildə imzalanan və qüvvədə olan Sərmayələrin təşviqi və qarşılıqlı qorunması haqqında sazişin, eləcə də 10 iyun 1997-ci ildə imzalanan Sərbəst Ticarət Haqqında sənədin böyük əhəmiyyəti var.  

    Aydın Hüseynovun sözlərinə görə, bundan başqa hazırda iki ölkə arasında ikiqat vergiyə cəlb etməyə yol verilməməsi, gəlir və əmlak vergilərinin ödənilməsindən yayınma hallarının qarşısının alınması haqqında Saziş imzalanıb və qüvvədədir. Bütün bunlarla yanaşı, iki ölkə qlobal dünyanın əsas problemi sayılan ərzaq təhlükəsizliyi məsələsinə həssas yanaşması ilə diqqət çəkir. Buna görə qida snayesi sahəsində qarşılıqlı maraqların öyrənilməsi istiqamətində işlərə başlanılıb, ticarət missiyaları təşkil olunub. Nəticələr də qənaətbəxşdir. 

    O bildirib ki, görünən budur ki, Azərbaycan və Qazaxıstan arasında ticarət dövriyyəsi müstəqillik əldə olunandan indiyə qədər 6 dəfədən çox artıb. Bu tendensiya artan xətt üzrə davam edir. 



    XƏBƏR LENTİ

    28 Mart 2024
    27 Mart 2024
    26 Mart 2024
    25 Mart 2024
    23 Mart 2024
    22 Mart 2024
    21 Mart 2024
    20 Mart 2024
    19 Mart 2024