Son vaxtlar həm Laçın sərhəd keçid məntəqəsi ətrafında yaradılan siyasi şou, seperatçı rejimin oyuncaq seçki tamaşası, ərazilərimizin minalanmasının davam etdirilməsi, mövqelərimizin müxtəlif çaplı silahlardan davamlı olaraq atəşə tutulması və ard-arda bölgədə baş verən hərbi təxribatlar onu göstərirdi ki, Ermənistan durumu dondurulmuş vəziyyətdə saxlamaq istəyir və sülh sazişi imzalamaq niyyətində deyil.
Təbii ki, bu qəbulolunmazdır və Azərbaycan bununla barışmayacaq. Ölkəmiz süveren hüquqlarını bütün ölkə boyunca və Qarabağ ərazisində təmin etmək haqqına malikdir. Müzəffər Prezident cənab İlham Əliyevin bölgədə heç bir qanunsuz birləşmələrin varlığına imkan verilməyəcəyini, Qarabağ ərazisində Azərbaycan qanunlarının bərpa olunacağını bütün diplomatik masalarda dəfələrlə vurğulamasına baxmayaraq, bunlar yolunu azmışlara dərs olmadı. Hər zaman humanizm və problemin dinc yolla həllinin tərəfdarı olan Azərbaycan bu dəfə də qarşı tərəfə şans tanıyaraq uzun müddət səbr göstərdi. Ancaq tarixi ərazimizdə qanunsuz erməni hərbi birləşmələrinin mina terroru nəticəsində Azərbaycan vətəndaşlarının şəhid olması rəsmi Bakının qəti tədbirlər görməsinin qaçılmaz olduğunu göstərdi. Vətən Müharibəsinin Azərbaycanın tam və qəti qələbəsi ilə başa çatmasından 3 il keçməsinə baxmayaraq, Ermənistan hələ də 10 noyabr Üçtərəfli Bəyanatın müddəalarına əsasən üzərinə götürdüyü öhdəliklərə əməl etməkdən yayınır. Bütün bunlar Ermənistanın Azərbaycana qarşı apardığı məqsədyönlü və planlı terror siyasətinin davamıdır.
Bəyanatın müddəalarına zidd olaraq Qarabağ bölgəsindəki erməni silahlı qüvvələrinin birləşmələrinin mövcudluğunun davam etdirilməsi eyni zamanda regional sülh və sabitlik üçün ciddi təhlükə mənbəyidir. Bu birləşmələrin təxribat dəstələri Azərbaycan ordusunun bölmələrinə qarşı kəşfiyyat fəaliyyətlərini getdikcə genişləndirir, mövqelərimizin dərinliyinə sızaraq minalardan təmizlənmiş ərazilərin və mülki təyinatlı yolların terror-təxribat məqsədi ilə yenidən minalanmasını həyata keçirir. Düşmən bu təxribatı həm hərbçilərimiz, həm də mülki şəxslər arasında itkilərə səbəb olur. Bütün bunlar əlbəttə ki, tamamilə yolverilməz bir haldır. Azərbaycan dövləti bu kimi halların qarşısını almaq iqtidarındadır və bunu etmək Ölkəmizin legitim hüququdur. Şanlı 44 günlük Vətən müharibəsində olduğu kimi bu əməliyyatlarda da bütün xalq Ölkə Prezidenti cənab İlham Əliyevin milli maraqlarımıza hesablanmış qətiyyətli mövqeyini dəstəkləyir, qəhrəman ordumuzun fəaliyyətini alqışlayır. Prezident-xalq vəhdəti qarşısında heç bir qüvvə dayana bilməz. Bu ərazilər Azərbaycanın suvern əraziləridir və burada Azərbaycan qanunlarının aliliyi təmin olunmalıdır. Həmçinin Vətən Müharibəsində olduğu kimi, bu dəfə də ölkədə fəaliyyət göstərən siyasi partiyalar Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevi dəstəklədiklərini bəyan etdilər.
Bu məqsədlə ölkədə fəaliyyət göstərən 23 siyasi partiya tərəfindən birgə Bəyanat qəbul olundu. Siyasi partiyalar Dövlət başçımızın Ölkəmizin ərazi bütövlüyünün və əhalinin təhlükəsizliyinin təmin olunması, erməni silahlı birləşmələrinin təxribatlarının qarşısının alınması, işğaldan azad edilən torpaqlarımızda məskunlaşan minlərlə soydaşımızın təhlükəsizliyinin təmin olunması üçün həyata keçirdiyi siyasəti və verdiyi hərbi əmri dəstəklədiklərini, onun ətrafında birlikdə olduqlarını bəyan etdilər. Bu, ölkəmizdə siyasi həmrəyliyin, ümumxalq birliyinin ən yüksək səviyyədə olduğunu bütün dünyaya nümayiş etdirdi. Hakimiyyətin siyasi dialoqla bağlı bütün jestlərinə rəğmən öz xain mövqe və məkirli niyyətlərinə sadiq qalmış “trio”-Azərbaycan Xalq Cəbhəsi Partiyası, Müsavat Partiyası və Real Partiyası vətənsevər siyasi qüvvələrin bəyanatına imza vurmaqdan imtina etməklə, həm də eyni zamanda bir daha öz xain xislətlərini nümayiş etdirdilər.
Azərbaycan son 3 il ərzində Ermənistan Silahlı Qüvvələrinin Azərbaycanın Qarabağ bölgəsindən çıxarılmasının zəruriliyi ilə bağlı dəfələrlə həm Ermənistan tərəfinə, həm də beynəlxalq təşkilatlara çoxsaylı müraciətlər etsə də qarşı tərəf nəinki bu öhdəliyi əməl etməyib, əksinə ölkəmizə qarşı silahlı təxribatların intensivliyini daha da artırıb. Bu gün ermənilərin Azərbaycana qarşı apardığı mina terroru barədə məlumatlara artıq bütün dünya mediasında kifayət qədər rast gəlmək olur. Vəziyyət elə bir böhran həddə çatmışdır ki, hətta ənənəvi olaraq Ermənistanı dəstəkləyən ölkələrin kütləvi informasiya vasitələrində belə ermənilərin terror siyasətini qınayan materiallar dərc olunur. Lakin sözün əsl mənasında sapı özümüzdən olan baltalar Azərbaycanın haqq işinə dəstək nümayiş etdirməyərək əsl xislətlərini nümayiş etdirdilər. Əlbəttə ki, çox kiçik olan bu toplumun fikri və siyasi dünyagörşü Ölkəmiz üçün önəmli deyildir. Azərbaycan bu gün qüdrətli ölkədir. Dünyanın Ölkəmizlə hesablaşdığının dəfələrlə şahidi olmuşuq.
Bu mənada həm xaricdə, həm də daxildə olan qüvvələr anlamalıdır ki, dövlət maraqlarımızı, suverenliyimizi və ərazi bütövlüyümüzü pozmağa yönəlmiş bütün cəhdlərin qarşısı hər zaman qətiyyətlə alınıb, alınacaqdır!
Cavahir Məmmədova;
Neftçala rayon sakini, müəllim