Bakıda İƏT PA-nın komitələrinin iclasları keçirilib

    SİYASƏT

    17 May 2022 | 17:39

    Bu gün Azərbaycanın ev sahibliyi ilə Milli Məclisdə İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (İƏT PA-nın) komitə iclasları keçirilib.

    Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Pressa-ya verilən xəbərə görə, quruma üzv ölkələrin parlamentarilərinin iştirakı ilə komitə iclaslarında təşkilati məsələlərə baxılıb, komitələrin sədrləri, müavinləri və məruzəçiləri müəyyən edilib.

    İclaslarda “Post-pandemiya dövründə əməkdaşlıq: çağırışlar və bərpa imkanları” mövzusunda çıxışlar edilib, müzakirələr keçirilib. İƏT PA-nın Ticarət və İqtisadi Əməkdaşlıq Təşkilatı Ticarət Sazişi üzrə Komitəsinin iclası Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişilinin sədrliyi ilə keçib. Tahir Mirkişili bildirib ki, bu il Azərbaycanın İqtisadi Əməkdaşlıq Təşkilatına (İƏT) üzv olmasının 30 ili tamam olur. İƏT-ə üzv olduqdan sonra ölkəmiz regionda iqtisadi və ticarət əlaqələrinin genişləndirilməsinə yönəlmiş müxtəlif təşəbbüslərdə konstruktiv şəkildə iştirak edib.

    Gündəliyin “Postpandemiya dövründə əməkdaşlıq: çağırışlar və bərpa imkanları” mövzusu ilə bağlı Milli Məclisin deputatı Elnur Allahverdiyev çıxış edib. O, pandemiya dövründə ölkəmizdə görülən işlərdən danışıb, qeyd edib ki, Azərbaycan dünyada vaksini qəbul edən ilk ölkələrdən olub. Milli Məclisin deputatı dünyanın bir daha belə bir bəla ilə üzləşməyəcəyinə ümidvar olduğunu söyləyib.

    İclasda mövzu ətrafında fikir mübadiləsi aparılıb, parlamentarilər postpandemiya dövründə görüləcək işlər barədə düşüncələrini səsləndiriblər.

    İƏT PA-nın Kommunikasiya və əlaqələndirmə üzrə komitəsinin iclasına isə Milli Məclisin deputatı İltizam Yusifov sədrlik edib. İltizam Yusifov gündəliyin “Post-pandemiya dövründə əməkdaşlıq: çağırışlar və bərpa imkanları” mövzusu ilə bağlı çıxışında Azərbaycanın İƏT çərçivəsində əməkdaşlığın gücləndirilməsində maraqlı olmasından danışıb. O, Azərbaycanın nəqliyyat-tranzit əlaqələrinin genişləndirilməsinə böyük önəm verdiyini vurğulayıb və bu istiqamətdə həyata keçirilən layihələr barədə məlumat verib. İltizam Yusifov iclas iştirakçılarına 44 günlük Vətən müharibəsində əldə olunan Zəfərin regionda, xüsusən də nəqliyyat-kommunikasiya əlaqələrinin inkişaf etdirilməsində yaratdığı yeni reallıqlardan bəhs edib.

    İclasda mövzu ilə bağlı müzakirələr aparılıb, parlamentarilərin fikirləri dinlənilib.

    İƏT PA-nın Qadın, gənclər və mədəni məsələlər üzrə komitəsinin iclasına Milli Məclisin deputatı Könül Nurullayeva sədrlik edib. Gündəliyin “Post-pandemiya dövründə əməkdaşlıq: çağırışlar və bərpa imkanları” mövzusu ilə bağlı çıxışında Könül Nurullayeva koronavirusla mübarizədə Azərbaycan təcrübəsindən danışıb, görülən qabaqlayıcı tədbirlər sayəsində insanlar arasında itkilərin az olduğunu diqqətə çatdırıb, pandemiya dövründə gənclər və qadın problemləri ilə yanaşı, mədəniyyət sahəsinin çox zərər çəkdiyini qeyd edib.

    İclasda parlamentarilərin mövzu ilə bağlı məruzələri dinlənilib, fikir mübadiləsi aparılıb.

     

     



    XƏBƏR LENTİ

    15 Avqust 2022
    14 Avqust 2022
    11 Avqust 2022
    10 Avqust 2022
    09 Avqust 2022
    08 Avqust 2022
    05 Avqust 2022
    04 Avqust 2022
    03 Avqust 2022
    02 Avqust 2022
    01 Avqust 2022
    30 Iyul 2022
    29 Iyul 2022
    28 Iyul 2022
    27 Iyul 2022
    26 Iyul 2022
    25 Iyul 2022
    23 Iyul 2022