Azərbaycanda vahid e-xidmətlər portalı yaradılıb

    ÖLKƏ

    13 May 2022 | 17:31

    Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin (RİNN) strukturuna daxil olan və tabeliyindəki qurumların bütün elektron xidmətlərini vahid sistem üzərindən əldə etmək məqsədilə yeni portal istifadəyə verilib.

    Nazirlikdən Pressa-ya verilən məlumata görə, bununla bağlı RİNN-in tabeliyində fəaliyyət göstərən “AzInTelecom” MMC tərəfindən Vahid Elektron Xidmətlər Portalı – portal.rinn.az yaradılıb.
    Nazirlik müxtəlif internet resursları üzərindən vətəndaşlara 57 adda rəqəmsal xidmət göstərir. İndi isə bütün xidmətlər vahid portalda toplanılır. İlkin mərhələdə 6 xidmət portala inteqrasiya edilib, digər 51 xidmətin isə yaxın vaxtlarda portala daxil edilməsi nəzərdə tutulur.
    Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə vətəndaşlar arasında portal üzərindən birbaşa ünsiyyətin yaranması nəticəsində xidmət keyfiyyətinin artırılması, tələbata uyğun yeni xidmətlərin yaradılması mümkün olacaq.

    “AzInTelecom” MMC-nin İdarə Heyətinin sədri Elxan Əzizov bildirib ki, portal Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin strukturuna daxil olan və tabeliyindəki qurumların vahid pəncərə prinsipinə əsaslanaraq rəqəmsal xidmətlər təqdim etməsi məqsədilə yaradılıb: “Portal bu rəqəmsal xidmətləri vətəndaşlar üçün daha asan və əlçatan edəcək, daha operativ xidmət göstərilməsinə imkan verəcək. Portalın yaradılmasında məqsəd vətəndaş məmnunluğunun artırılması ilə yanaşı, resurslardan effektiv istifadə yolu ilə keyfiyyətli, təhlükəsiz və səmərəli rəqəmsal xidmətlər təqdim etməkdir”.
    Hazırda Vahid Elektron Xidmətlər Portalı üzərindən “AzInTelecom” MMC-yə aid “Mobil cihazların qeydiyyatdan keçirilməsi”, “Mobil cihazların qeydiyyat tarifi”, “IMEI yoxlama”, “Lokal çıxış (şəhər, rayon, daxili) danışıqlarının statistikası, “Vətəndaşların adına olan mobil nömrələr haqqında məlumat”, həmçinin “Azərpoçt” MMC-yə aid “Poçt göndərişlərinin izlənilməsi” xidmətlərindən istifadə etmək mümkündür.

    Portalda təqdim edilən qeydiyyatlı rəqəmsal xidmətlər üçün vətəndaşlar “ASAN Login” vasitəsilə qeydiyyatdan keçərək yararlana bilərlər. Qeydiyyatsız xidmətlər üçün isə, adından da göründüyü kimi, heç bir qeydiyyat tələb olunmur.
    Portalın yaradılması rəqəmsal xidmətlərdən istifadənin genişlənməsinə, eləcə də elektron hökumətin inkişafına müsbət təsir edəcək və səmərəliliyin, həmçinin şəffaflığın daha da artırılmasına təkan verəcək.



    XƏBƏR LENTİ

    17 Aprel 2024
    16 Aprel 2024
    15 Aprel 2024
    14 Aprel 2024
    13 Aprel 2024
    12 Aprel 2024
    11 Aprel 2024
    10 Aprel 2024
    09 Aprel 2024
    08 Aprel 2024
    07 Aprel 2024
    06 Aprel 2024
    05 Aprel 2024