Azərbaycanda taxıl, buğda, arpa yığımının həcmləri açıqlanıb

    İQTİSADİYYAT

    26 Iyul 2022 | 13:31

    Ölkə üzrə taxıl sahələrində biçin prosesinin artıq 94%-i başa çatdırılıb. 894 min hektar ərazi biçilib. Hər hektardan orta məhsuldarlıq 31 sentner təşkil edir. 

    Bunu Pressa-ya açıqlamasında Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri İmran Cümşüdov deyib.

    Onun sözlərinə görə, bu il ölkə ərazisində sahələrdən 2 milyon 753 min ton taxıl, 1 milyon 662 min ton buğda, 1 milyon 91 min ton arpa yığılıb. Ümumi istehsal isə 2 milyon 753 min ton təşkil edir:

    "Nəzərə alsaq ki, taxılçılıq kənd təsərrüfatının ərzaq təhlükəsizliyi baxımından vacib sahələrindən hesab olunur. Ölkədə hazırda taxıl biçini davam edir. Bununla yanaşı ölkədə 514 min hektar sahədə buğda biçin aparılıb. Ümumi biçiləcək sahə isə 547 min hektardır. Artıq buğda sahələrinin 94 %-də biçin başa çatıb və 1 milyon 662 min ton məhsul istehsal edilib. Buğdanın məhsuldarlığının 32,3 sentner təşkil etməsi onu deməyə əsas verir ki, tarlada məhsul boldur".

    Nazirlik rəsmisi qeyd edib ki,  bu il məhsul boldu. Hazırda biçin prosesi gedir;

    "Biçinlə bağlı Kənd Təsərrüfatı Nazirliyi vacid tədbirləri vaxtında gördü. Yəni Operativ Qərargahlar yaradıldı. Həm Dövlət Aqrar İnkişaf Mərkəzlərində, eyni zamanda Kənd Təsərrüfatı Nazirliyində və dislakasiya planına uyğun olaraq biçin prosesi tam olaraq nəzarətə götürüldü. Bölgələrdə növbəlilik prinsipi əsasında optimal müddətdə itkisiz olaraq biçin prosesi həyata keçirildi və proses davam edir".

    Onun sözlərinə görə, hazırda ölkə üzrə 380 min hektar ərazidə arpa əkinləri aparılıb. Artıq həmin ərazilərin 96%-i biçilib. Hər hektardan məhsuldarlıq 28,7 sentner təşkil edir. Bununla yanaşı, 1 milyon 91 min ton arpa məhsulu biçilib və tədarük edilib.

    Qeyd edək ki, artıq Aran bölgələrində biçin prosesi başa çatıb, dağlıq və dağətəyi rayonlarda isə avqust ayınadək davam edəcək. 
     



    XƏBƏR LENTİ

    07 May 2024
    06 May 2024
    04 May 2024
    03 May 2024
    02 May 2024
    01 May 2024