Azərbaycanda 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf strategiyası təsdiqlənib

    SİYASƏT

    27 Iyul 2022 | 12:59

    Prezident İlham Əliyev bir neçə gün öncə “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” ilə bağlı sərəncam imzalayıb. Sənədə əsasən, Strategiyada nəzərdə tutulmuş tədbirlərin əlaqələndirilməsini, icrasına nəzarəti və hesabatlılığını Nazirlər Kabineti həyata keçirəcək. 

    Pressa xəbər verir ki, sərəncama görə, Nazirlər Kabineti Strategiyanın həyata keçirilməsi ilə bağlı görülən işlər, o cümlədən Strategiyada nəzərdə tutulmuş tədbirlərin icra vəziyyəti barədə ildə iki dəfə Azərbaycan Prezidentinə məlumat verəcək. Həmçinin icrası davam etməkdə olan konsepsiya, strategiya, dövlət proqramı, milli fəaliyyət planları və bu kimi digər sənədlərin Strategiya ilə əlaqələndirilməsi istiqamətində zəruri tədbirlər görüləcək. Sərəncamı dəyərləndirən mütəxəssislər hesab edir ki, sənəd günün tələbinə, qlobal iqtisadi şokların qarşısının alınması nəzərə alınmaqla hazırlanıb. Həmçinin son illər ölkədə aparılan uğurlu sosial-iqtisadi siyasət sahəsində milli iqtisadiyyat qısa müddətdə yeni qlobal reallıqlara uyğunlaşdırılıb, makroiqtisadi sabitlik təmin edilib. Bununla da Azərbaycan qlobal böhrandan ən az təsirlənən ölkələrdən birinə çevrilib.

    Mövzuyla bağlı Milli Məclisin deputatı Aydın Hüseynov AzTV-yə açıqlama verib.    

    Bildirib ki, dövlətimiz uğurlu siyasi və iqtisadi əsaslar üzərində inkişaf edərək postpandemiya və postkonfilikt dövründə keyfiyyətcə yeni olan və 2022-2030-cu illəri əhatə edən strateji inkişaf mərhələsinə daxil olur. Bu da gələcək çağırışlara hazır olmaq üçün yeni hədəflərin müəyyənləşdirilməsini aktuallaşdırıb. Məhz bu məqsədlə Azərbaycan 2030 Sosial-iqtisadi milli prioritetlər təsdiq olunub və bu prioritetlərə söykənən 2022-2026-cı illərdə Sosial-iqtisadi İnkişaf Strategiyası hazırlanaraq Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə təsdiq edilib.

    Strategiyada nəzərdə tutulmuş tədbirlərin icrasının monitorinqini və qiymətləndirilməsini Nazirlər Kabinetinin sifarişi əsasında İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin həyata keçirəcəyi də xüsusi qeyd edilməlidir. Belə ki, Azərbacan Respublikasının 2022-26-cı illərdə sosial-iqtisadi inkişafa dair strategiyasında sosial-iqtisadi həyatın müxtəlif sahələrində koordinasiyalı fəaliyyətin təmin olunmasının təşkili əksini tapıb. NK qarşısında icrası davam etməkdə olan konsepsiya, strategiya dövlət proqramı, milli fəaliyyət planları və bu kimi sənədlərin strategiya ilə əlaqələndirilməsi ilə bağlı zəruri tədbirlərin görülməsi tapşırılıb.  

    Milli Məclisin deputatı Azər Badamov isə qeyd edib ki, bu strategiyanın reallaşması 2026-cı ilin sonuna ölkə iqtisadiyyatının simasında böyük dəyişikliklərə səbəb olacaq, iqtisadi artım tamamilə yeni keyfiyyət amilləri bazasında formalaşacaq, xüsusilə prioritet sahələrdə artım templəri sürətlənəcək, iqtisadiyyatın və məşğulluğun dayanıqlığı daha da güclənəcək:

    "Yeni strategiya çoxşaxlidir və sosial iqtisadiyyatın bütün sahələrinin inkişafını özündə əks etdirir. Hesab edirəm ki, strategiyanın uğurla icrası ölkənin inkişafını keyfiyyətcə yeni mərhələyə daxil edəcək, ölkəmiz dünya ölkələrinin boy sırasında öz yerini möhkəmləndirəcəkdir".

    Artıq Sərəncamın icrasına başlanılıb. Maliyyə Nazirliyi İqtisadiyyat Nazirliyi ilə birlikdə Strategiyada dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşdirilməsi nəzərdə tutulmuş tədbirlərin icrası üçün tələb olunan vəsaitin dövlət büdcəsinin 2023‒2026-cı illər üzrə proqnozlarında nəzərdə tutulması ilə bağlı zəruri tədbirlər görməsi üçün fəaliyyətə başlayıb. 



    XƏBƏR LENTİ

    18 Aprel 2024
    17 Aprel 2024
    16 Aprel 2024
    15 Aprel 2024
    14 Aprel 2024
    13 Aprel 2024
    12 Aprel 2024
    11 Aprel 2024
    10 Aprel 2024
    09 Aprel 2024
    08 Aprel 2024