Azərbaycana daha 10 zubr gətirilib

    ÖLKƏ

    23 Noyabr 2022 | 17:46

    IDEA İctimai Birliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və WWF-in Azərbaycan Nümayəndəliyi tərəfindən həyata keçirilən zubrların reintroduksiya layihəsi çərçivəsində 22 noyabr 2022-ci il tarixində Azərbaycana daha 10 zubr gətirilib.

    Bu barədə Pressa-ya IDEA-dan bildirilib.

    Qeyd edilməlidir ki, zubrların Azərbaycanın təbiətinə qaytarılması üzrə sözügedən layihəyə 2019-cu ildə start verilmişdir. IDEA İctimai Birliyi ilə Şahdağ Milli Parkı arasında imzalanmış Əməkdaşlıq Sazişinə əsasən, nəsli kəsilmiş bizonların bərpası və onların ölkə təbiətinə reintroduksiya olunması, digər növ vəhşi heyvanların elmi məqsədlərlə artırılması üçün Şahdağ Milli Parkının İsmayıllı bölməsində 305 hektar sahə ayrılıb, ərazidə zubrların çoxaldılıb təbiətə buraxılması üçün kompleks inşa edilib. 2019-cu ilin may ayından etibarən Almaniya, Belçika, Hollandiya zooparklarından Azərbaycana 26 baş bizon gətirilib, onların sayı təbii şəkildə artaraq 31-ə çatıb.

    Almaniyanın “Tierpark Berlin” zooloji parkından gətirilən daha 10 zubrla birlikdə hazırda Şahdağ Milli Parkının İsmayıllı bölməsinin ərazisində zubrların sayı 41-dir. Yeni gətirilən zubrlar bir müddət volyer şəraitində saxlanacaq, adaptasiya dövrünü keçdikdən sonra Şahdağ Milli Parkının ərazisinə buraxılacaq.

    Layihənin 2028-ci ilə qədər davam etdirilməsi və zubrların sayının 100 başa çatdırılması nəzərdə tutulur.

    Zubrlar vaxtilə Avrasiyada çox geniş arealda yayılsa da, ötən əsrin əvvəllərində vəhşi təbiətdə nəsli, demək olar ki, kəsilmişdir. Qafqaz dağlarında sonuncu zubr 1927-ci ildə öldürülüb. Hazırda dünyada mövcud olan zubrların böyük əksəriyyəti zooparklarda artırılmışdır və bu yolla növün bərpasına yönəlmiş səylər davam edir.

    Zubrların Azərbaycanda biomüxtəlifliyinin daha da zənginləşdirilməsi və meşə ekosistemlərinin inkişafında potensial rolunu nəzərə alaraq, layihənin təşkilatçıları Azərbaycanın şimal bölgələrində yaşayan əhalini və ümumiyyətlə bütöv ölkə ictimaiyyətini Qafqaz zubrlarının təbiətimizə qaytarılması, onların mühafizəsi və qanunsuz ovlanmasının qarşısının alınması işində dəstək olmağa çağırır.

     



    XƏBƏR LENTİ

    08 Fevral 2023
    07 Fevral 2023
    06 Fevral 2023
    05 Fevral 2023
    04 Fevral 2023
    03 Fevral 2023