Azərbaycan XİN: Fransanın məkrli siyasəti heç bir nəticə verməyəcək

    SİYASƏT

    22 Fevral 2024 | 10:09

    Fevralın 21-də Fransa Respublikasının Prezidenti Emmanuel Makronun Parisdə Ermənistanın baş naziri ilə birgə mətbuat konfransı zamanı Azərbaycana qarşı səsləndirdiyi və Ermənistanı birtərəfli qaydada müdafiə edən əsassız iddialarını qətiyyətlə pisləyirik.

    Pressa xəbər verir ki, bu fikir Fransa Prezidentinin iddialarına dair Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) şərhində yer alıb.

      Bildirilib ki, 30 ilə yaxın müddətdə hüquqları pozulmuş, ərazilərindən didərgin düşmüş, kütləvi qırğınlara məruz qalmış azərbaycanlıların hüquqları barədə indiyə qədər heç bir şərh verməyən Fransanın öz istəkləri və heç bir zorakılıq tətbiq olunmadan Azərbaycan ərazilərini tərk etmiş ermənilərin hüquq və təhlükəsizliyindən danışması tamamilə yersizdir.

      “Bununla yanaşı, Alma-Ata bəyannaməsi və müəyyən xəritələr çərçivəsində ərazi bütövlüyünün vacibliyinə toxunan Fransa tərəfinin, nəyə görə məhz bu kimi razılaşmalara zidd olaraq 30 ilə yaxın müddətdə davam etmiş Ermənistan təcavüzünə və Azərbaycan ərazilərinin işğalına, habelə hazırda Ermənistanın Azərbaycanın 8 kəndini hələ də işğal altında saxlamasına qarşı çıxmaması sualına aydınlıq gətirməsi daha faydalı olardı.

      Heç bir təhrikedici amil olmadan 5 aya yaxın davam edən sabitliyi pozan Ermənistanın tənqid edilməsi əvəzinə, Azərbaycanın qeyri-proporsional cavab tədbiri görməkdə təqsirləndirilməsi qəbuledilməzdir və bu kimi qərəzli yanaşmalara son qoyulmalıdır.

      Fransanın bölgədə yeni gərginlik yaratmaq, sülh və sabitliyə mane olmaq istiqamətində yürütdüyü məkrli siyasətin heç bir nəticə verməyəcəyini bir daha bəyan edirik”, - Azərbaycan XİN-in şərhində vurğulanıb.



      XƏBƏR LENTİ

      20 Aprel 2024
      19 Aprel 2024
      18 Aprel 2024
      17 Aprel 2024
      16 Aprel 2024
      15 Aprel 2024
      14 Aprel 2024
      13 Aprel 2024
      12 Aprel 2024
      11 Aprel 2024
      10 Aprel 2024
      09 Aprel 2024