Azərbaycan Monqolustanla ticarət və iqtisadi əməkdaşlıq haqqında saziş imzalayıb

    İQTİSADİYYAT

    22 Oktyabr 2021 | 11:45

    Azərbaycan Respublikası Hökuməti və Monqolustan Hökuməti arasında Ticarət və İqtisadi Əməkdaşlıq haqqında Saziş imzalanıb. Sənədi Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov və Monqolustanın xarici işlər naziri Battsetseq Batmunxiin imzalayıblar.

    Azərbaycan İqtisadiyyat Nazirliyindən verilən məlumata görə, sənəddə Monqolustanla iqtisadi əməkdaşlıq sahəsində müqavilə-hüquq bazasının təkmilləşdirilməsi, iqtisadiyyatın müxtəlif sahələrində, o cümlədən sənaye, energetika, kənd təsərrüfatı, ticarət, investisiya, nəqliyyat-tranzit, turizm və s. sahələrdə əlaqələrin genişləndirilməsi, yeni əməkdaşlıq imkanlarının araşdırılması nəzərdə tutulur.

    Bununla əlaqədar video-formatda keçirilən tədbirdə iqtisadiyyat naziri Azərbaycan-Monqolustan siyasi-iqtisadi əlaqələrinin inkişaf etdiyini, tərəfdaşlığın inkişafında keçirilən yüksək səviyyəli görüşlərin xüsusi rolunu qeyd edib. Nazir Azərbaycanda həyata keçirilən islahatlar, əlverişli biznes və investisiya mühiti, işğaldan azad edilmiş ərazilərimizin yerli və xarici investisiyalar cəlb edilməklə ölkə iqtisadiyyatına reinteqrasiyası istiqamətində görülən işlər barədə məlumat verib.

    Görüşdə 2030-cu ilədək ölkəmizin sosial-iqtisadi inkişafına dair Milli Prioritetlər diqqətə çatdırılıb, Monqolustan şirkətləri Azərbaycanda həyata keçirilən layihələrdə iştiraka dəvət edilib, iş adamları arasında əlaqələrin genişləndirilməsinin əhəmiyyəti vurğulanıb.

    Monqolustanın xarici işlər naziri Battsetseq Batmunxiin ölkəsinin Azərbaycanla əlaqələrin genişlənməsində maraqlı olduğunu bildirib, iqtisadi əməkdaşlığın inkişafı barədə fikirlərini bölüşüb.

    Görüşdə bu gün imzalanan Azərbaycan Respublikası Hökuməti və Monqolustan Hökuməti arasında Ticarət və İqtisadi Əməkdaşlıq haqqında Sazişin qarşılıqlı ticarət və investisiya əlaqələrinin gücləndirilməsinə töhfə verəcəyinə əminlik ifadə olunub.

     



    XƏBƏR LENTİ

    16 Aprel 2024
    15 Aprel 2024
    14 Aprel 2024
    13 Aprel 2024
    12 Aprel 2024
    11 Aprel 2024
    10 Aprel 2024
    09 Aprel 2024
    08 Aprel 2024
    07 Aprel 2024
    06 Aprel 2024
    05 Aprel 2024