Aydın Hüseynov - Prezident bir daha Qarabağ həqiqətlərini dünyaya çatdırdı

    ÖLKƏ

    28 Iyun 2022 | 17:23

    Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Polşanın Katovitse şəhərində Ümumdünya Şəhər Forumunun “Daha yaxşı gələcək naminə şəhərlərimizi dəyişdirək” mövzusunda 11-ci sessiyasında videoformatda iştirak edib. Bu cür tədbirlərin keçirilməsinin Azərbaycan üçün hansı əhəmiyyəti var? Mövzuyla bağlı Milli Məclisin deputatı Aydın Hüseynov Pressa-ya açıqlama verib.

    O bildirib ki, bu tədbir Azərbaycanın, xüsusən də işğaldan azad edilən Qarabağ və Şərqi Zəngəzur həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında ən önəmli platformalardan biridir. Bu barədə ölkə başçısı öz çıxışında əhatəli olaraq danışdı və dünyanın diqqətini bir daha bölgədə baş verən hadisələrə yönəltdi.

    Aydın Hüseynov prezidentin çıxışını iki hissəyə ayıraraq hər biri barədə öz fikirlərini çatdırıb: “İlham Əliyev çıxışının bir hissəsini işğaldan azad olunmuş ərazilərimizdə Ermənistan silahlı qüvvələri tərəfindən törədilən vandalizm aktına, Azərbaycanın milli və mədəni abidələrinin, o cümlədən şəhər və kəndlərimizin dağıdılmasına, digər hissəsini isə həmin ərazilərdə postmüharibə dövründə aparılan quruculuq işləri, infrastruktur layihələrinin həyata keçirilməsinə həsr etdi. Hər iki mövzu barəsində dövlətimizin başçısı qısa və ətraflı şəkildə videoformat iştirakçılarına məlumat verdi. Prezident qeyd etdi ki, Bakının və Azərbaycanın digər şəhərlərinin müasirləşdirilməsi və yenidən qurulması zamanı biz şəhərlərin inkişafı baxımından yeni imkanlar və təcrübə əldə etmişik: “Azərbaycanın öz ərazilərini Ermənistanın 30 illik işğalından azad etməsi ilə nəticələnən 2020-ci il Vətən müharibəsindən sonra bizim üçün dayanıqlı şəhər inkişafı daha böyük dəyər kəsb edir. Ermənistan Azərbaycan torpaqlarının 30 illik işğalı zamanı şəhər və kəndləri qəsdən dağıdaraq, hər bir mədəni və dini abidəni talan edərək həmin əraziləri urbisid və kultursidin bariz nümunəsinə çevirib. Bəlkə də İkinci Dünya müharibəsindən sonra şəhərlərin bu miqyasda dağıdılması dünyanın heç bir yerində baş verməyib. Azərbaycanın 9 şəhəri və yüzlərlə kəndi yer üzündən silinib. Ağdam şəhəri o dərəcədə dağıdılıb ki, əcnəbi mütəxəssislər onu “Qafqazın Xirosiması” adlandırıblar. Füzuli şəhəri işğaldan azad edildikdən sonra Azərbaycan Ordusu orada bayrağımızı dalğalandırmağa bir dənə də olsun tikili tapa bilməyib”. Ölkə rəhbəri bildirib ki, hazırda Azərbaycan müasir tarixin ən mürəkkəb və iddialı bərpa-yenidənqurma işlərindən birini həyata keçirir. Yenidənqurma prosesi minalardan təmizlənmə ilə başlayır. Kütləvi minalanma qarşımızda duran ən böyük çətinlikdir və bu, yenidənqurma işlərini, məcburi köçkünlərin qayıdışını ləngidir. İlkin hesablamalara görə, işğal dövründə Ermənistan həmin ərazilərə bir milyondan artıq mina basdırıb. 2020-ci ilin noyabr ayında Vətən müharibəsi başa çatdıqdan sonra mina partlaması nəticəsində 220-dən artıq Azərbaycan vətəndaşı həlak olub və ya ağır yaralanıb. Azərbaycan azad edilmiş ərazilərdə müasir şəhər planlaşdırılması həyata keçirir, “yaşıl enerji” və “sıfır tullantı” konsepsiyalarını tətbiq edir”.

    A.Hüseynov qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyev məcburi köçkünlərin qayıdışı üçün ilk pilot layihənin Zəngilan rayonunun Ağalı kəndində reallaşdırıldığdan danışıb. Dövlət başçısı qısa müddət ərzində inşa edilən “ağıllı kənd” layihəsinin bir üstünlüyünün dünya standartlarına uyğun gəldiyini deməklə bərabər Ermənistan dövlətinin işğalı nəticəsində 30 il bu ərazilərin ekoloji, milli, mədəni terror məruz qaldığını tədbir iştirakçılarının diqqətinə çatdırıb.

    "Bununla da Azərbaycanın qurucu, Ermənistanın isə dağıdıcı, işğalçı dövlət olduğu sübuta yetir. İşğaldan azad olunmuş Füzuli şəhərində səkkiz aydan az müddətdə hava limanının inşa edilməsi Azərbaycanın prinsipial mövqeyini, qurub-yaratmaq istəyini ortaya qoyur. İşğaldan azad edilmiş bütün rayonların baş planı demək olar ki, hazırdır. Artıq işləmək, qurmaq, yaratmaq üçün bütün imkanlar var. Prezidentin də dediyi kimi, yenidənqurma prosesində bizim hədəfimiz keyfiyyət və sürəti birləşdirməkdir. Bu prosesdə ətraf mühitin qorunması prioritetlərimiz sırasında olacaq” - deputat vurğulayıb.



    XƏBƏR LENTİ

    18 Aprel 2024
    17 Aprel 2024
    16 Aprel 2024
    15 Aprel 2024
    14 Aprel 2024
    13 Aprel 2024
    12 Aprel 2024
    11 Aprel 2024
    10 Aprel 2024
    09 Aprel 2024
    08 Aprel 2024