Atəşkəs pozulanda sülhməramlıların nə işlə məşğul olduğu, hara yoxa çıxdığı bəlli oldu…

    ÖLKƏ

    16 Iyul 2021 | 12:16

    Qarabağda – Azərbaycan Respublikasının suveren ərazisində sülhməramlı missiyanı icra edən Rusiya kontingentinin yarıtmaz fəaliyyəti artıq heç kimdə şübhə doğurmur.

    Missiyasının icrasına başladığı andan bir çox qalmaqallarla yadda qalan sülhməramlılar qarşısına qoyulan tapşırıqların icrasından çox uzaq bir mənzərə yaradır.

    Son günlərdə tez-tez ermənilər tərəfindən Azərbaycan ordusunun mövqelərinin atəşə tutulması xəbərləri yayılır. Sülhməramlıların olduğu ərazidə ermənilərin atəşkəsi pozmağa necə cürət etməsi məsələsi qalsın bir yana, bu təxribatların qarşısını almalı olan sülhməramlıların öz enerji və vaxtını “daha səmərəli” işlərə sərf etdiyi ortaya çıxıb.

    Erməni mətbuatı bu gün Rusiya sülhməramlısına təşəkkür başlıqları ilə dolub-daşır. Əslində bu təşəkkür sülhə verilən töhfəyə görə olsa, bizim üçün də təqdirəlayiq hal kimi qəbul oluna bilərdi. Lakin bu təşəkkürün arxasında sülhməramlıların yarıtmaz fəaliyyəti, öz missiyasının icrasını unutması, ona aid olan məsələlərdə yoxa çıxıb, dəxlisiz yerlərdə peyda olması dayanır.

    Bəli, təşəkkür ona görə edilir ki, Rusiya sülhməramlıları Ağdərənin Sırxavənd kəndində taxıl biçini məsələsində əsl canfəşanlıq nümayiş etdirir. Əlində silah sülhü qorumalı olan sülhməramlılar atəşkəs pozulanda qeybə çəkilib, biçin vaxtı ortaya çıxır.

    Axır ki, hamımızı maraqlandıran həmin sualın cavabını tapdıq. Atəşkəs pozulanda sülhməramlıların nə işlə məşğul olduğu, hara yoxa çıxdığı bəlli oldu. Onlar həmin vaxt ermənilərin əlinin altında tarlada işləyirlərmiş… Əfsuslar ki, bunu da özünə rəva bildi, məramı çoxdandır şübhə doğuran sülhməramlılarımız…

    Ermənilərin isə bu mənzərədən razılıq etməsi heç qəribə görünmür. Çünki onlar Rusiya sülhməramlılarını gündüzlər tarlada işlədib o qədər yorurlar ki, sülhməramlılar ən lazımlı vaxtda – ermənilər atəşkəsi pozub təxribat törədəndə yorğunluqdan itib-batırlar. 

    Bütün bu məqamlar isə bizim gözümüzdən yayınmır. Ermənilərin sağlığına badə qaldıranı da, Qarabağa qanunsuz səfərlərə göz yumanları da, atəşkəs pozulanda yoxa çıxıb, gündüz biçinlə məşğul olanları da unutmuruq.

    Unutmadığımız daha bir məqam isə 44 günlük müharibədir. Bu müharibədə Ali Baş komandanın başçılığı altında şanlı qələbə qazanan müzəffər Azərbaycan ordusu öz ərazi bütövlüyünü bərpa edib.

    Rusiya sülhməramlısı isə Azərbaycanın suveren ərazisində sadəcə sülhü qorumalı olan qonaqdır. Biz azərbaycanlılar hər nə qədər qonaqpərvər xalq olsaq da, dədə-babalarımızın adət-ənənələri və əmanət qoyduqları sözləri də heç vaxt unutmuruq. Atalar isə yaxşı deyiblər, “qonağa get deməzlər, altından palazı çəkərlər”. Odur ki, qonaq ehtiyatlı olsun!



    XƏBƏR LENTİ

    18 Aprel 2024
    17 Aprel 2024
    16 Aprel 2024
    15 Aprel 2024
    14 Aprel 2024
    13 Aprel 2024
    12 Aprel 2024
    11 Aprel 2024
    10 Aprel 2024
    09 Aprel 2024
    08 Aprel 2024