Aİ: Rusiyanın keçirdiyi “referendumlar”ı tanımırıq, sanksiyaları gücləndirəcəyik

    DÜNYA

    30 Sentyabr 2022 | 17:09

    Biz Rusiyanın Ukraynanın müstəqilliyinin, suverenliyinin və ərazi bütövlüyünün bu şəkildə pozulması üçün bəhanə kimi keçirdiyi qeyri-qanuni “referendum”u, onların saxtalaşdırılmış və qeyri-qanuni nəticələrini tanımırıq və heç vaxt tanımayacağıq. Biz bu qanunsuz ilhaqı heç vaxt tanımayacağıq.

    Pressa xəbər verir ki, bu barədə Avropa İttifaqının (Aİ) yaydığı bəyanatda bildirilib.

    “Biz Ukraynanın Donetsk, Luqansk, Zaporojye və Xerson vilayətlərinin Rusiya tərəfindən qanunsuz ilhaqını qətiyyətlə rədd edir və birmənalı şəkildə pisləyirik. Qaydalara əsaslanan beynəlxalq nizamı qəsdən pozmaqla və Ukraynanın müstəqillik, suverenlik və ərazi bütövlüyü kimi fundamental hüquqlarını, BMT Nizamnaməsində və beynəlxalq hüquqda təsbit olunmuş əsas prinsiplərini açıq-aşkar pozmaqla, Rusiya qlobal təhlükəsizliyi riskə atır”, - Aİ-nin bəyanatında vurğulanır.

    Rəsmi Brüssel "referendumlar"ın etibarsız və heç bir hüquqi nəticəsi olmadığını bildirərək, Krım, Xerson, Zaporojye, Donetsk və Luqanskın bir daha Ukrayna ərazisi olduğunu xatırladıb.

    Bəyanatda Aİ-nin Rusiyaya qarşı sanksiyaları gücləndirəcəyi də qeyd olunub.

    “Biz bütün dövlətləri və beynəlxalq təşkilatları bu qeyri-qanuni ilhaqı birmənalı şəkildə rədd etməyə çağırırıq. Rusiyanın işğalçı müharibəsi, eləcə də Moskvanın son eskalasiyası qarşısında Avropa İttifaqı qətiyyətlə Ukrayna və onun xalqının yanındadır. Bizim Ukraynanın ərazi bütövlüyünə və suverenliyinə dəstəyimiz sarsılmazdır. Ukrayna öz ərazisinə tam nəzarəti bərpa etmək üçün Rusiyanın təcavüzünə qarşı özünü müdafiə etmək üçün qanuni hüququndan istifadə edir və beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində işğal olunmuş əraziləri azad etmək hüququna malikdir. Kremlin nüvə təhdidləri, hərbi səfərbərlik və Ukrayna ərazisini yalandan Rusiyanın ərazisi kimi təqdim etmək və müharibənin Rusiya ərazisində baş verə biləcəyini iddia etmək strategiyası bizim qətiyyətimizi sarsıtmayacaq. Biz Rusiyanın qanunsuz hərəkətlərinə qarşı sanksiyalarımızı gücləndirəcəyik. Bu sanksiyalar işğalçı müharibəni dayandırmaq üçün Rusiyaya təzyiqi daha da artıracaq. Biz bir daha bəyan edirik ki, Avropa İttifaqı Ukraynanın yanındadır və lazım olduğu müddətdə Ukraynaya güclü iqtisadi, hərbi, sosial və maliyyə dəstəyi göstərməyə davam edəcək”, bəyanatda deyilir.

     



    XƏBƏR LENTİ

    27 Mart 2024
    26 Mart 2024
    25 Mart 2024
    23 Mart 2024
    22 Mart 2024
    21 Mart 2024
    20 Mart 2024
    19 Mart 2024