2 saylı Sumqayıt regional “ASAN xidmət” mərkəzi fəaliyyətə başlayıb

    ÖLKƏ

    21 Iyul 2022 | 16:24

    2 saylı Sumqayıt regional “ASAN xidmət” mərkəzi Sumqayıt şəhərində ikinci, ümumilikdə ölkə üzrə 24-cü mərkəzdir.

    Pressa xəbər verir ki, hazırda fəaliyyət göstərən 1 saylı Sumqayıt regional “ASAN xidmət” mərkəzi bir gün ərzində 3 minə qədər vətəndaşa xidmət edir. Xidmətlərə artan ciddi tələbat nəzərə alınaraq, 2 saylı Sumqayıt regional “ASAN xidmət” mərkəzi inşa edilib. Ümumilikdə, “ASAN xidmət” mərkəzlərində bu günədək 54 milyona yaxın müraciət əsasında xidmət göstərilib.Mərkəz Sumqayıt şəhərində dənizkənarı bulvara inteqrasiya edilib və onunla vəhdət təşkil edir.

    Mərkəz üçün ayrılan 1,85 ha ərazidə 4 mərtəbəli inzibati bina, fəvvarə, yerüstü 2 avtomobil dayanacağı, kafe, istirahət və uşaq əyləncə meydançası yaradılıb. Fasadlarda müasir texnologiyalardan istifadə edilib.

    Mərkəzdə müxtəlif dövlət orqanları, özəl şirkət və müəssisələr tərəfindən ümumilikdə 325 xidmət həyata keçiriləcək. Mərkəzdə xidmət edən digər dövlət orqanları da daxil olmaqla, ümumilikdə 192 əməkdaş və 45 könüllü fəaliyyət göstərəcək.

    Mərkəzdə 220 video müşahidə kamerası, 13 monitor, 150 kompüter, 101 printer, 125 İP telefon, elektron növbə sistemini tənzimləyən 18 monitor, 2 “ASAN ödəniş” terminalı, 3 elektron rəy sorğusu (exit poll) köşkü, “108 Çağrı mərkəzi”nə zəng köşkü, elektron şikayət köşkü (Skype), mərkəzləşdirilmiş havalandırma və istilik sistemi, yanğın söndürmə sistemi, çiller, generator, UPS və xüsusi dizayna malik 2 lift quraşdırılıb.

    Mərkəzdə üzərində xüsusi QR kodlar əks olunan məlumat tabloları yerləşdirilib. QR kodları oxudaraq "ASAN xidmət" və "ASAN Kommunal" mərkəzlərinin, habelə "YAŞAT" Fondunun fəaliyyəti barədə məlumat əldə etmək mümkündür.

    Regionlarda startapların inkişafını dəstəkləmək məqsədilə Mərkəzdə “INNOLAND” mərkəzi fəaliyyət göstərəcək.

    Həmçinin Mərkəzdə ənənəvi olaraq “ABAD Food Hall” təşkil edilib. Mərkəzin Sumqayıt şəhəri, Qobustan, Xızı, Siyəzən və Abşeron rayonlarında qeydiyyatda olan, ümumilikdə 700 minə yaxın vətəndaşa xidmət göstərməsi nəzərdə tutulur. Eyni zamanda Mərkəz ölkəmizin digər regionlarında qeydiyyatda olan vətəndaşlara da ərazi məhdudiyyəti olmadan xidmət edəcək.



    XƏBƏR LENTİ

    22 Aprel 2024
    20 Aprel 2024
    19 Aprel 2024
    18 Aprel 2024
    17 Aprel 2024
    16 Aprel 2024
    15 Aprel 2024