2021-02-19 12:54

Azərbaycanın kədərinə sevinib, sevincinə üzülən nadürüstlər heç bir məkrli istəklərinə nail ola bilməyəcəklər

Bütün sivil cəmiyyətlərdə inkişaf və tərəqqi ictimai-siyasi sabitlik amilinə söykənir. İndi siyasi baxışlarından asılı olmayaraq hər kəs etiraf edir ki, əgər ümummilli lider Heydər Əliyev 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə hakimiyyətə gəlməsəydi, Azərbaycanın müstəqil dövlət kimi mövcudluğu da sual altında olacaqdı. Məhz böyük öndərin şəxsiyyəti, siyasi idarəçilik keyfiyyətləri, qətiyyəti və xarizması respublikada yaranmış ağır siyasi böhranın tamamilə aradan qaldırılmasına, vətəndaş qarşıdurmasına son qoyulmasına, qanunsuz silahlı birləşmələrin zərərsizləşdirilməsinə, bir sözlə, iqtisadi inkişaf və dirçəliş üçün zəruri şərt olan sabitliyin təmin olunmasına imkan verdi. Lakin yaxın tarixdə baş vermiş bu prosesləri görməzdən gələn, müstəqil Azərbaycanın uğurlarını həzm edə bilməyən, uzun illərdir ki, düşüncə tərzində, məsələlərə yanaşmasında dəyişiklik edə bilməyən radikal müxalifət düşərgəsi hər zaman olduğu kimi bu gün də antidövlət, antimillət mövqeyi ilə seçilir. Yalnız antidemokratik çağırışlarla yadda qalan, Azərbaycanın dövlət maraqlarına düşmən kəsilən, xarici qüvvələrin təsiri ilə ölkədə siyasi sabitliyi pozmağa çalışan və hər addımda yalnız korporativ maraqlarını düşünən radikal ünsürlər əsl müxalifətçilik missiyasından çox uzaqdırlar. Bu qüvvələrin əsas məqsədi yalnız xaricdəki ermənipərəst dairələrin tapşırıqlarını yerinə yetirməyə, xəyanətə və satqınlığa yönəlib.

Bu gün artıq Ali Baş Komandan ətrafında birləşmiş güclü Azərbaycan xalqı və bu xalqın iradəsi əsasında formalaşmış güclü hakimiyyət, möhkəm ordumuz vardır. Elə bu birliyin nəticəsidir ki, 30 ilə yaxın işğal altında qalmış torpaqlarımız 44 gün ərzində işğaldan azad olunmuşdur. Düşmən tapdağından azad edilmiş ərazilərdə Azərbaycan bayrağı dalğalanır, Azərbaycan əsgəri xidmət edir. İşğaldan azad olunmuş ərazilərimizdə geniş miqyaslı quruculuq işlərinə başlanılmış, böyük qayıdışın əsası qoyulmuşdur. Təəssüf ki, düşmən cəbhəsinə xidmət edən həmin antimilli qüvvələr Azərbaycan xalqının tarixi qələbəsinə yenə də kölgə salmağa, qazandığımız siyasi, hərbi qələbəni gözdən salmağa cəhd edir. Lakin onlar anlamalıdır ki, Azərbaycan xalqı artıq çoxdan onların məkrli niyyətini anlamış, onları tarixin zibilliyinə gömmüşdür. Xalqını, dövləti pula satanların, düşmən dəyirmanına su tökənlərin arzuları isə hər zaman gözündə qalır. Çünki Azərbaycan cəmiyyəti bu xainləri yaxşı tanıyır və onların danışdıqları yalanlar heç bir effektə malik olmur. Azərbaycanda bərqərar olan xalq-hakimiyyət birliyi bu cür antimilli ünsürlərin yalanlarının "ayaq tutub yeriməsinə” heç vaxt imkan verməyib və verməyəcəkdir.

Bəli, xalqımız bu gün artıq öz haqqı olanı almışdır və bundan sonrakı məqsədimiz doğma torpaqlarımıza qayıtmaq, kəndlərimizi, rayonlarımızı abad etmək, ata –baba torpaqlarımızı əkib-becərməkdir. Hər birimiz inanırıq ki, cənab Prezidentimizin rəhbərliyi altında bu məqsədlərimizə qısa zamanda nail olacaq, birlikdə böyük qələbələrə imza atacağıq.


Neftçala rayon sakini, tarix müəllimi
İmanov Rəhim Davud oğlu.

SON XƏBƏRLƏR


Yuxarı